Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) , Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi davam edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, fevralın 13-də tələbələr BSU-nun Rusiya Mədəniyyət Mərkəzində Moskva Açıq Təhsil İnstitutunun “YUNESKO beynəlxalq təhsil və miqrant uşaqların məktəbdə inteqrasiyası kafedrası”nın müdiri, professor Yuriy Qoryaçevin “Rusiyanın təhsil sistemində multikulturalizm məsələləri” mövzusunda mühazirəsini dinləyiblər.
Professor ölkəsinin və paytaxt Moskvanın təhsil sistemində multikulturalizm məsələlərinin tədris edilməsi mexanizmlərini təqdim edib. O, BMT və YUNESKO səviyyəsində qəbul edilmiş beynəlxalq qanunverici və tövsiyəedici xarakter daşıyan aktların tətbiq edilməsinin vacibliyini vurğulayaraq Rusiyada tətbiq edilən yanaşmaların mahiyyətini qış məktəbi iştirakçılarının diqqətinə çatdırıb:
“Rusiyada rəsmi səviyyədə “Mİllətlərarası münasibətlərinin strategiyası” adlı sənədin qəbul edilməsinin tolerantlıq mühitinin möhkəmlənməsinə birbaşa aidiyyatının olması şübhə doğurmur. Sözügedən vacib sahədə Azərbaycanda əldə edilmiş unikal təcrübə həm də universal mahiyyətə malik olduğundan ondan bəhrələnməyə geniş imkanlar açır”.
Mühazirə əsnasında Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrası ilə Rusiyanın “Etnosfer” Beynəlxalq Təhsil Mərkəzi arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən hər iki qurumun gələcəkdə elmi-tətbiqi araşdırmalar sahəsindəki qarşılıqlı əlaqələrinin gücləndirilməsi nəzərdə tutulub.
Sonra BSU-nun Türkiyə Araşdırmalar Mərkəzində Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali (Qazaxıstan ) “Türkdilli ölkələrdə multikulturalizm siyasəti” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə konkret faktlar və məlumatlar əsasında türkdilli xalqlara əzəldən multikultural ənənələrin xas olduğunu bildirib: “Hələ qədim dövrlərdən türkdilli dövlətlər polietnik və polikonfessional olduqlarına görə müxtəlif dövrlərdə məhz tolerant insanın formalaşmasına böyük meydan verirdilər. Hazırda mövcud türkdilli məmləkətlərin hamısının cəmiyyəti müxtəlif mədəniyyətlərə mənsub toplumlardan ibarətdir və daxili sabitliyin qorunub möhkəmlənməsi yolunda dözümlülük və başqa mədəniyyətlərə sayqılı münasibət müstəsna rol oynayır. Azərbaycan, Qazaxıstan, Türkiyə belə ölkələrdəndir”.
Tədbirdə BBMM-in müşaviri, professor Aytən Qəhrəman və professor Darxan Kıdırali BBMM və BTA arasında əməkdaşlıq barədə müqavilə imzalayıblar. Müqaviləyə əsasən ən yaxın zamanda adıçəkilən iki mərkəz həm elm, həm də tətbiqi sahədə araşdırma və birgə layihələrin həyata keçməsini təmin edəcəklər.
BBMM-in Lissabon nümayəndəliyinin rəhbəri, Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasionun (Portuqaliya) “Yeni dünya nizamı və multikulturalizm” mövzusunda mühazirəsi də tələbələrin xüsusi marağına səbəb olub.