|
|
|
|
Bu gün Azərbaycanın Qırğızğızıstandakı səfirliyində “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat kampaniyası çərçivəsində soyqırımın 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən 525.az-a verilən məlumata görə, öncə Xocalı soyqırımını özündə əks etdirən foto və kitab sərgisinə baxış olub, iştirakçılara soyqırımla bağlı press-relizlər və “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanmış bukletlər təqdim edilib.
Mərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında “Xocalıya Ədalət” adlı sənədli film nümayiş edilib və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Bişkekdə fəaliyyət göstərən İmam Əli məscidinin axundu Hacı İlqar Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuyub.
Tədbiri açan səfir Hidayət Orucov soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini və müsibətin konkret faktlarını dilə gətirib, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.
Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq, qurbanlarının xatirəsini yad etmək, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan səfir bu vəhşiliklərin cavabsız qalmayacağını, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcəyini, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.
Səfir son illər Ermənistanın və erməni diasporasının planının 1915-ci il hadisələrinin bir neçə ölkənin parlamentində qaldırmaqla dünya ictimaiyyətinin diqqətini Azərbaycanın işğal olunmuş torpaqları və Azərbaycanın qaçqınlar, məcburi köçkünləri haqqında fikrini başqa səmtə çəkməkdən ibarət olduğunu qeyd edib.
H.Orucov bildirib ki, Ermənistanın və erməni diasporunun məqsədi 1905 və 1918-ci illərdə azərbaycan türklərinə qarşı həyata keçirdikləri müsibətin və 1992-ci ildə törətdikləri Xocalı Soyqırımını gizlətməkdir.
O qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya Ədalət” adlı beynəlxalq informasiya kampaniyası keçirilməkdədir.
Kampaniya çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb, ən əsasısa onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb.
Fond Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100 yaxın ölkəsində soyqırımla bağlı tədbirlər keçirir.
Daha sonra qırğız deputat Aşera Xalikova Xocalı Soyqırımı ilə bağlı kədərləndiyini, dinc əhalinin qəddar şəkildə qətlə yetirilməsini, dünya tarixində rast gəlinməmiş və beynəlxalq insan hüquqlarına zidd şəkildə törədilmiş cinayətə qarşı olduğunu bildirib.
XX əsrin sonlarında belə dəhşətli müsibətin yaşanmasına öz etirazını diqqətə çatdırıb.
Deputat sonda iki dövlət arasında olan sıx münasibətlərin bundan sonra da davam edəcəyini qeyd edib.
Pakistan İslam Respublikasının Qırğızıstandakı səfiri Qazi Ur Raxman Pakistanın hər zaman Azərbaycanın və Azərbaycan xalqının yanında olduğunu, Azərbaycanın ərazi bütövlüyü dəstəklədiklərini və Xocalı soyqırımının onlar üçün çox ağır hadisə olduğunu vurğulayıb.
Türkiyə səfiri Mətin Kılıç qardaş Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilmələrini və beynəlxalq məhkəmə önünə çıxarılmalarının vacibliyin xatırladıb.
Qırğızstanın Xalq şairi Omor Sultanov xalqımıza dərin hüznlə başsağlığı verərək qeyd edib ki, Xocalı soyqırımı hamımız üçün dözülməz ağrı və psixoloji sarsıntıdır.
Daha sonra çıxış edən Qırğız-Türk “Manas” universitetinin rektoru Səbahattin Balçı, Qırğız Xalqı Assambleyasına daxil olan Qırğız Respublikasında yaşayan Azərbaycanlıların “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğızstanın əməkdar həkimi Akif Alaferdov Xocalı soyqırımı və erməni təcavüzü barədə düşüncələrini bölüşüblər.