|
|
|
|
Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək etmək üçün qan veriblər.
Universitetdən verilən məlumata görə, qanvermə aksiyasında ATU-nun 400-ə yaxın müəllim-professor heyəti və tələbələri iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərin və mülki şəxslərin qana olan ehtiyaclarını təmin etməkdir.
Aksiyanın əvvəlində çıxış edən ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev bildirib ki, ordumuzun əldə etdiyi nailiyyətlər bütün xalqımızda olduğu kimi, ATU kollektivində də ruh yüksəkliyinə səbəb olub:
“Tələbələr qrup halında müraciət edərək Silahlı Qüvvələrimizə yardım etmək istədikləri deyiblər. Hətta onlar vuruşmaq üçün ön cəbhəyə yollanmaq arzusundadırlar. Çox təqdiredici haldır ki, xalqımız bu nailiyyətlərə böyük əzmkarlıqla yanaşaraq, həmrəylik, birlik nümayiş etdirib. Hətta şəhid valideynləri bu yüksək şəhidlik zirvəsinə ucalan övladları üçün “Vətənin başı sağ olsun” deyiblər. Bu məsələdə hamılıqla –həm gənc nəsil, həm də yaşlı nəsil Prezidentimizə dəstək oldular. Çünki bilirik ki, prezidentin rəhbərliyi ilə aparılan bu siyasət gələcəkdə daha böyük uğurların əsasını qoyacaq”.
S.Əliyev qeyd edib ki, hərbi əməliyyatlar dövründə Tibb Universitetində bir neçə tədbir keçirilib. 700 nəfərin iştirakı ilə fövqəladə toplantı çağırılıb. Bundan əlavə, 3 mindən çox tələbənin iştirakı ilə dəstək aksiyası keçirilib. Bu dəfə isə ATU tələbələri və kollektivi qan toplamaqla ordumuzun yanında olduqlarını nümayiş etdiriblər.
Tədbir iştirakçıları əvvəlcə müayinədən keçiblər. Lakin təhlillər zamanı iştirakçılardan bəzilərində müəyyən problemlər çıxdığına görə, onların qan verməsi məsləhət görülməyib. Aksiya gün ərzində davam edib
Vəfa MƏMMƏDLİ