|
|
|
|
Bu gün Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə “Yaşıdlarımızın qayğıya, bizim isə xüsusi qayğıya ehtiyacımız var” adlı seminar keçirilib.
Universitetdən 525.az-a verilən məlumata görə, seminar günümüzün aktual problemlərindən sayılan respublikamızda inkluziv təhsilin inkişafına həsr olunub.
Tədbiri açan BSU-nun İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova inkluziv təhsilin mahiyyətindən danışaraq bildirib ki, bu təhsil istər sağlam, istərsə də sağlamlıqları məhdud uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir. Kafedra müdiri vurğulayıb ki, inkluziv təhsil Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə təsdiq etdiyi “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının qanunu”nda öz əksini tapmışdır.
BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında İbtidai təhsil kafedrasının inkluziv təhsilin inkişafı üçün göstərdiyi təşəbbüsü yüksək qiymətləndirib. Rektor qeyd edib ki, respublikamızda inkluziv təhsilin inkişafı ilə bağlı önəmli qanun və sərəncamlar hazırlanıb qəbul olunmuşdur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən bu sahədə təsdiq olunmuş sərəncamların əhəmiyyətindən danışan Asif Hacıyev inkluziv təhsilin Azərbaycanda daha da genişlənməsi yönündə dövlət tərəfindən lazımi tədbirlərin həyata keçirildiyini deyib.
Seminarda İbtidai təhsil kafedrasının müəllimi Zəhra Məmmədova “İnkluziv təhsilin məqsədi və mahiyyəti”, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu İnkluziv təhsil şöbəsin müdiri Lalə İmanova ”Respublikamızda inkluziv təhsilin vəziyyəti və perspektivləri”, MLK 200 saylı orta məktəbin inklüziv təhsil üzrə mütəxəssisi Gülnar İsmayılova “İnkluziv təhsil mənəvi dəstəkdir”, ADPU-nun İnklüziv təhsil mərkəzinin direktoru Aynur Vəliyeva “Sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyasında xarici təcrübənin tətbiqi”, həkim-pediatr, UAFA-nın (United Aid For Azerbaijan) sosial işlər üzrə direktoru Züleyxa Nəcəfova “Əlilliyin qarşısının alınması, əlilliyə erkən müdaxilə” kimi mövzularda çıxış ediblər. Bilidirilib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətin layiqli üzvü kimi yanaşmaq, onlarda özünə inam hissi formalaşdırmaq, gələcəkdə məşğulluq problemini həll etmək kimi məsələlər təhsilimizin qarşısında duran vacib öhdəliklərdən biridir.
Sonra seminarın mövzusu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.