|
|
|
|
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzindəki "Sahil bağı"nda Səbail məktəbliləri arasında hərbi-vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib.
Bayramsayağı bəzədilmiş "Sahil bağı"nda böyük abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, istedadlı gənclər özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkib, sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlayıblar. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.
Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və rayondakı 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 100-dən çox məktəbli onlara ayrılmış vaxt ərzində hərbi-vətənpərvərlik mövzusunda - müharibə, xüsusilə də Qarabağ savaşı ilə bağlı müxtəlif rəsmlər çəkiblər. Gənc rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər.
Eyni zamanda, parkda gənc rəssamların həmin mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilib, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.
Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmilərinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən ediblər. Qaliblər İcra Hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar İcra Hakimiyyətinin və Rəssamlar İttifaqının diplomları ilə mükafatlandırılıblar.
Rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayonun idarə, təşkilatlarının rəhbərləri, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzib, buradakı sərgi və məktəblilərin çəkdikləri rəsmlərlə, gül kompozisiyaları ilə tanış olub, məktəblilərlə, gənc rəssamlarla söhbət ediblər.
Sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edib.