İyunun 1-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” qalereyasında Vergilər Nazirliyinin təşkilati dəstəyi ilə “Vergilər uşaqların gözü ilə" uşaq rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sarayın direktoru Bədayə Ramazanova rəsm müsabiqəsinin əhəmiyyətindən, uşaqların yaradıcılığında müsabiqənin oynadığı roldan danışıb. Bildirib ki, "Vergi uşaqların gözü ilə" rəsm müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edib.
Tədbirdə Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Mahir Rəfiyev bildirib ki, uşaq və gənclər arasında vergi biliklərinin artırılması və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini nəzərə alan Vergilər Nazirliyi 2003-cü ildən başlayaraq hər il “Uşaq dünyası” qalereyasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə rəsm və inşa müsabiqəsi keçirir. Gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində gördüyü işlərin mühüm hissəsi olduğunu bildirən E.Məmmədov bu müddət ərzində müsabiqə iştirakçıları sırasında peşəkar rəssamların da yetişdiyini vurğulayıb.
Qeyd olunub ki, tədbirin əsas məqsədi gələcəyin vergi ödəyiciləri olan gənclərə vergi haqqında bilik və anlayışların uşaqların başa düşə biləcəyi formada çatdırılmasından ibarətdir. Bildirib ki, hər il bu müsabiqələrdə iştirak etmiş rəsm əsərləri nəfis albom şəklində nəşr edilir və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş olunur. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir və bu ilki müsabiqədə də iştirak edən rəsm əsərinin də ən yaxşılarından bu məqsədlə istifadə ediləcək.
Rəsm sərgisi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanıb. Sərgidə Melisa Ağamalıyeva birinci, Nuray Həsənli isə ikinci yerə layiq görülüb. Digər qaliblərə də nazirliyin fəxri diplomları təqdim olunub.