Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar artist Nərgiz Kərimova Ukraynada keçiriləcək IV Beynəlxalq “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktrisa bu festivala Kiyev Akademik Operetta Teatrı tərəfindən dəvət alıb. Aktrisa iyunun 4-də baş tutacaq festivalın Qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını səsləndirəcək.
Festivalda Azərbaycanla yanaşı, Almaniya, Belarus, Avstriya, Polşa, Gürcüstan, Kanada, Çex Respublikası və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edəcəklər.
Qeyd edək ki, iyunun 5-dək davam edəcək festival Kiyev Akademik Operetta Teatrında keçiriləcək.