Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi Azərbaycan ictimaiyyəti tərəfindən geniş şəkildə müzakirə olunmaqdadır.
525.az-ın məlumatına görə, ölkənin dini camiəsi də bu filmin İslami maarifləndirmə yolunda çox uğurlu addım hesab edir.
Məsələyə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn “Fitnə” filmi dini radikalizmə qarşı mübarizənin psixoloji və mənəvi aspektlərini özündə ehtiva edir.
Onun sözlərinə görə, film vasitəsilə təhlükəli yad düşüncələrin alətinə çevrilmiş insanların timsalında bu problem dövlətimiz və millətimiz çox təhlükəli olduğu açıq şəkildə qeyd olunur:
“Bu gün unutmamalıyıq ki, dünyada əsas silahlardan biri aparılan ideoloji zərərli təbliğatdır. Dünya qloballaşmaya doğru gedir və bunun ölkəmiz üçün müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Çünki filmdə də qeyd edildiyi kimi fitnə heç də sərhəd tanımır və radikal düşüncələrin şüurlarda oturuşmasına səbəb olur. Adətən belə qurbanlar həqiqi İslamdan xəbəri olmayan cahil və yalançı vədlərə aldanan elmsiz gənclər olur. Biz filmdə istər oğlu Suriyada öldürülən beyləqanlı atanın acı etirafları, istərsə də həbsdə olan digər radikal qrupların üzvləri olmuş gənclərin məyus edici ifadələri olduqca ürəkağrıdıcı məqamlardandır.
Ümumilikdə, “Fitnə” filmi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə baxımından aparıdğı ən uğurlu və olduqca təsirli layihələrdən biridir.
Düşünürəm ki, ideoloji baxımından belə maarifləndirici uğurlu filmlərin ərsəyə gəlməsi ölkədə gənclərin radikal düşüncələrdən mühafizə olunmasına səbəb ola bilər”.