Tayvanda keçirilən Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival çərçivəsində Azərbaycan mətbəxi günü təşkil edilib.
Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş "Aysel-Buta" folklor qrupunun üzvləri təmsil edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, festivalın iştirakçıları və qonaqları Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olublar. Nümayəndələrimiz qonaqlara milli xörəklərimizdən - "Plov", "Düşbərə" və "Çoban" salatı təqdim ediblər. Mətbəx nümunələrimiz hər kəsin xoşuna gəlib.
Festival avqustun 15-dək davam edəcək.