1828-ci il. Rus yazıçısı, publisisti və filosofu Lev Nikolayeviç Tolstoyun doğum günüdür (1828–1910).
Müəllifi olduğu “Hərb və sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb.
XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutub.
Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır.
1991-ci il. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni terror aktları həyata keçiriblər.
Ağdam-Xocavənd marşrutu üzrə hərəkət edən avtobusun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib, 34 nəfər yaralanıb.
Ağdam-Qaradağlı marşrutu üzrə hərəkət edən avtobusun gülləbaran edilməsi nəticəsində isə 8 azərbaycanlı həlak olub, 42 nəfər xəsarət alıb.
1926-cı il. Azərbaycanın ilk qadın pediatr alimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ədilə Namazovanın doğum günüdür.
1971-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, 1981-ci ildə əməkdar elm xadimi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olan Ə.Namazova 1965-ci ildən Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri vəzifəsində çalışıb.
O, tədqiqatını əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr edib. Azərbaycanda pediatriya elmi məktəbinin yaradıcısı olan Ə.Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti olan akademik SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olub. Həmçinin Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.
O, Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin 2016-cı il 7 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
9 Sentyabr Beynəlxalq Gözəllik Günüdür.
Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) Beynəlxalq Gözəllik Gününün elan olunması təşəbbüsü ilə çıxış edib.
1995-ci ildən başlayaraq, hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunmağa başlayıb. Hər ilin bu günündə bir sıra ölkələrdə gözəllik müsabiqələri keçirilir.