2014-cü il. Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisi açılıb.
Sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edib.
2001-ci il. Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirilib.
Sentyabrın 11-də yerli vaxtla saat 08:46-da terrorçular tərəfindən ələ keçirilən "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb.
09:03 radələrində isə Cənub qülləsi eyni hücuma məruz qalıb. Bir qədər sonra hər iki qüllə yerlə-yeksan olub.
Əkiz qüllələrə hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin — Pentaqonun binası da intiharçı-terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub.
Terror aktları nəticəsində 3 minədək insan həlak olub.
1937-ci il. Dünya şöhrətli Rusiya müğənnisi İosif Kobzonun doğum günü.
Lirik-dramatik bariton səsə malik müğənninin repertuarında Böyük Vətən Müharibəsinə həsr olunmuş bir çox mahnılar, opera və ariyalar da daxil olmaqla, üç mindən çox mahnı var.
1971-ci il. 1953-cü ildən 1964-cü ilə kimi Sov.İKP MK Baş katibi, 1958-ci ildən 1964-cü ilədək SSRİ Nazirlər Sovetinin sədri olan Nikita Xruşşov vəfat edib (1894-1971).
O, Stalinin şəxsiyyətə pərəstişini tənqid etmiş, ölkənin idarəetmə aparatında bir sıra demokratik islahat aparmış, SSRİ ilə kapitalist ölkələr arasındakı münasibəti nisbətən yaxşılaşdırmışdır.