Bir müddət bundan öncə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yaranmasının 25 illiyi tamam oldu.
Bu il həm də BMT-nin Mülki və siyasi hüquqlara dair beynəlxalq paktının və İqtisadi-sosial və mədəni hüquqlara dair beynəlxalq paktının qəbul olunmasının 50, ratifikasiya edilib qüvvəyə minməsinin də 40 illiyi tamam olub.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ənənəvi və hər il eyni vaxtda keçirilən “İnsan meyarı” üzrə illik toplantısında yubileylərə həsr olunan panellər də olub.
Uzun illər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun “İnsan meyarı” üzrə illik toplantısında və bu mövzuda Vyanada keçirilən əlavə tədbirlərdə iştirak edən hüquq müdafiəçisi Sahib Məmmədov “Kaspi”nin suallarını cavablandırıb.
“525-ci qəzet” müsahibəni ixtisarla təqdim edir.
- Sahib müəllim, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu yaxınlarda insan meyarı üzrə 25-ci yubiley toplantısı keçirilib. Siz də hər il olduğu kimi bu dəfə də həmin toplantının iştirakçısı olmusunuz. İlk öncə bu toplantıyla bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- İlkin təəssüratım bundan ibarətdir ki, ildən-ilə bu tədbirlərin mahiyyəti pisə doğru dəyişir. Əvvəllər bu tədbirlərə bir dialoq platforması kimi baxmaq olardı. Təəssüf ki, son illərdə bu, dialoq platformasından daha çox qarşılıqlı ittiham platformasına çevrilib. Buna nümunə olaraq ABŞ-ın Rusiyanı, Ermənistanın Azərbaycanı ittiham etməsini, Azərbaycanın da buna qarşı əks çıxışlarını göstərə bilərik. Digər tərəfdən, bu tədbirlər vətəndaş cəmiyyəti, xüsusən də “vətəndaş cəmiyyəti” nümayəndəsi adlandırılan ayrı-ayrı qüvvələrin idarə etdiyi şəxslərlə hökumətlərin bir-birilə qarşıdurmaları üçün məkana çevrilib. Bu, heç nəyə xidmət etmir. ATƏT-in budəfəki tədbirində çıxış edənlər də açıq şəkildə bildirdilər ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq şikayətlər bürosuna çevrilib.
- Sizcə, kimlər və ya hansı təşkilatlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu şikayətlər bürosuna çevirib?
- Avropada yüzlərlə, minlərlə QHT var. Onlar çoxsaylı şəbəkələr yaradıblar. Həmin şəbəkələr öz fəaliyyətlərinə böyük məbləğdə vəsaitlər cəlb etməklə, müxtəlif dövlətlərə qarşı kampaniyalar təşkil edirlər. Azərbaycan irimiqyaslı tədbirlər keçirdiyi ərəfələrdə bu şəbəkələrin fokusunda olur. Misal üçün, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi, seçkilər, yaxud Avroviziya-2012, I Avropa Oyunları ərəfəsində böyük kampaniyalar təşkil olunmuşdu. Bu anti-Azərbaycan kampaniyalarda aparıcı qurumlar sırasında erməni təşkilatları, erməni lobbisinin təsiri altında olan qüvvələr də var. Məhz onlar məqsədli şəkildə belə bir addım atırdılar. Düzdür, hər bir ölkədə insan haqlarının pozulması faktı var və bu hüquq pozuntusuna görə dövlətlərin tənqid olunması normal haldır. Ancaq maraqlı burasıdır ki, belə tədbirlərdə əksər hallarda Gürcüstan, Ermənistan kimi dövlətlər insan haqlarının pozulması baxımından ümumiyyətlə yada düşmürlər. Amma Gürcüstandan və ya Tacikistandan ATƏT-in tədbirinə qatılmış hansısa QHT Azərbaycanı insan hüquqlarının vəziyyətinə görə geninə-boluna sərt tənqid edir. Əgər bu QHT hansısa səhv məlumat, yaxud da reallığı əks etdirən faktlar əsasında Azərbaycanı, eləcə də başqa bir dövləti tənqid edərdisə, səmimi narahatlığını çatdırardısa, bunu anlayışla qarşılamaq olardı. Hətta biz özümüz də hökumətin, dövlətin hansısa siyasətini beynəlxalq tədbirlərdə, ölkə daxilində, kütləvi informasiya vasitələrində də tənqid edə bilərik. Buna normal baxmaq lazımdır. Lakin qısa bir araşdırma aparanda hiss edirsən ki, bəzi xarici QHT-lərin Azərbaycana qarşı “həssaslığı”, “narahatlığı” məqsədli xarakter daşıyır.
- Müxtəlif ölkələrdən sözügedən koalisiyaya cəlb olunmuş QHT-lər Azərbaycan barəsində daha çox hansı “tənqidləri” dilə gətirirlər?
- Misal üçün, bir neçə il bundan öncə Azərbaycana qarşı “Demokratiya naminə oxu”, “İnsan hüquqları naminə idman” kampaniyaları təşkil edilmişdi. Belə kampaniyanı həyata keçirən bir koalisiya var ki, orada 19 təşkilat birləşib. Təsəvvür edin, bu koalisiyada “Azərbaycan fəalları”, Gürcüstan QHT-ləri ilə yanaşı, hətta Tacikistandan da QHT təmsil olunur. Tacikistandan olan bu QHT nümayəndəsi tədbirlərdə Azərbaycandakı insan haqlarının vəziyyəti ilə bağlı “ürək yanğısı” ilə çıxış edir. Halbuki, bu adamın ölkəsində əhalinin 90 faizi qul vəziyyətindədir, müxtəlif ölkələrdə qul kimi işlədilir. Əgər tacikistanlı QHT sədrini insan haqlarının vəziyyəti səmimi olaraq narahat edirsə, məntiqlə ilk növbədə öz ölkəsindəki vəziyyəti dilə gətirməlidir.
- Azərbaycana qarşı kampaniya təşkil edən koalisiyalarda dominant rol oynayan təşkilatların ermənipərəstliyini sübut edəcək hər hansı fakt, sübut təqdim etmək mümkündürmü?
- Əlbəttə mümkündür. Götürək elə PİN təşkilatını. 1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçiriblər. Sonradan bu təşəbbüs əsasında adı “möhtac insanlar” kimi məna verən “People in Need” adlı humanitar təşkilat yaradılıb. PİN 1992-ci ildə beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün hospital yaradıb. Beynəlxalq humanitar hüququn prinsiplərinə görə döyüşlər zamanı yaralananlara, əsir düşənlərə münasibətdə humanitar yardım göstərən tərəf neytral və qərəzsiz olmalıdır. Onlar üçün işğalçı və müdafiə olunan anlayışı olmamalıdır. Döyüşlərdə bədbəxtliyə düçar olan, yaralanan, əsir düşən və sair şəxslərə eyni münasibət göstərilməlidir. Lakin PİN-in “humanizmi” ancaq ermənilərə münasibətdə özünü göstərib. O vaxt yaralanaraq əsir düşən hərbçi və ya mülki azərbaycanlıları PİN öz hospitalına qətiyyən qəbul etməyib. Sonradan bu təşkilat öz mandatından kənara çıxaraq ermənilərin əlində Azərbaycana qarşı dubinka rolunu oynadı. Halbuki, humanitar təşkilatlar insan hüquqlarını müdafiə edən təşkilat deyil, konkret humanitar missiya yerinə yetirir. Ümumiyyətlə, bu təşkilatın Azərbaycan vətəndaşları ilə bağlı daha dəhşətli əməlləri var. Təəssüf ki, bizim istintaq orqanlarında bu təşkilatla bağlı əsir və girovlarımızın ifadələri, demək olar yoxdur. İndi belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə sinizmdir.
- Qeyd etdiniz ki, xaricdə şəbəkələşmiş QHT-lər Azərbaycana qarşı məqsədli kampaniyalar təşkil edirlər. Bu məqsədlər nədən ibarət ola bilər?
- Apardığım araşdırmalar nəticəsində ATƏT tədbirləri çərçivəsində Azərbaycana qarşı fəallaşan koalisiyaları, məqsədli tənqidləri, kampaniyaları qruplaşdırmışam. Burda bir neçə məqsəd var. Ən birincisi, bu koalisiyada böyük pullar dövr edir. Həmin pulların nağdlaşdırılması, çirkli pulların yuyulması üçün Azərbaycandan olan “hüquq müdafiəçiləri”ndən istifadə edilir. Loru dildə desək, belə koalisiyalarda əsas güc, söz sahibi olan bir-iki təşkilat pul pul gətirər prinsipi ilə qurumun fəaliyyətinə bir az pul xərcləyir, daha sonra oradan böyük pullar qazanırlar. Tacikistan, Gürcüstan, Azərbaycan və sair ölkədən bu koalisiyada təmsil olunan QHT-lərin də ATƏT-in tədbirlərinə gedib-gəlmək, hotellərdə qalmaq, qidalanmaq xərcləri ödənilir. Ola bilsin az miqdarda qonorar da verilir. Lakin Azərbaycan ətrafında kampaniyalar təşkil etməklə böyük pulları həmin koalisiyalarda dominant rol oynayan təşkilatlar qazanırlar.
- Son olaraq gəldiyiniz qənaət nədən ibarətdir? Vətəndaş cəmiyyətinə, QHT-lərə, hüquq müdafiəçilərinə nələri tövsiyə edərdiniz?
- Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Atəşkəs razılaşması olsa da, qarşı tərəf müxtəlif təxribatlarla bu razılaşmanı pozur. Bütün çətinliklərə rəğmən, Silahlı Qüvvələrimiz cəbhə xəttində ayıq-sayıq dayanır, Vətənimizin keşiyini çəkir. Azərbaycan Ordusunun gücü, düşmən üzərində sözün bütün mənalarında üstünlüyü də göz qabağındadır. Belə olan vəziyyətdə düşmənlərimizə imkan verməli deyilik ki, Azərbaycanın daxilində ikinci cəbhə açsınlar. Bunun üçün isə güclü vətəndaş cəmiyyətinin olması vacib şərtdir. Əsl dövlət mövqeyində dayanan, yeri gələndə, hökuməti tənqid edən, lakin dövlətçiliyin təməl prinsiplərini qoruyan vətəndaş cəmiyyətinin gücləndirilməsi zərurətdir. Vətəndaş cəmiyyəti deyərkən yalnız QHT-ləri təsəvvür etmək düzgün deyil. Buraya kütləvi informasiya vasitələrini, icmaları, dini təşkilatları, siyasi partiyaları, müxtəlif sahələrdə təmsil olunan insanlarımızı, ümumən bütün vətəndaşlarımızı aid etmək gərəkdir.
Rufik İSMAYILOV