1998-ci il. Azərbaycanda növbəti prezident seçkiləri keçirilib.
Dövlət başçısı Heydər Əliyev seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan prezidenti seçilib.
Oktyabrın 11-də qeyd olunan Beynəlxalq Qızlar Günü BMT tərəfindən 2012-ci ildə elan edilib.
Bayramın məqsədi diqqəti dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir.
Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.
1963-cü il. “Parisin bala sərçəsi” (1915-1963) adlandırılan məşhur fransız müğənnisi Edit Piaf vəfat edib.
O, dörd avtomobil qəzasına düşüb, intihara cəhd edib, neçə-neçə kişinin ağlını başından alıb və heç əlli yaşına çatmadan dünyasını dəyişib.
Müğənni Per-Laşez qəbiristanlığında dəfn olunub. Vida mərasiminə qırx mindən çox adam toplaşıb. Bir çoxları göz yaşlarını gizlədə bilməyib.
Dəfn yerində o qədər çiçək olub ki, insanlar onların üstündən keçib getməli olub.