Onun təkcə ötürücü qülləsi yox, özü də hər yerdən görünür.
Fəaliyyət göstərdiyim 21 il ərzində düşünmüşəm ki, dinləyicilərim həm də məni görürlər. Həm də ona görə həmişə studiyada, mikrafon arxasında, efir zamanı oturub-duruşumdan tutmuş əyin-başıma qədər hər şeyə diqqət yetirmişəm. Elə bilmişəm ki, efirin o üzündən təkcə mənim danışdıqlarıma, düşündüklərimə deyil, həm də özümə fikir verirlər. Və bu məsuliyyəti hər zaman, hər yeni efir dəqiqəsində böyük məsuliyyətlə hiss edirəm. Çox dəqiq bilirəm ki, təkcə mən belə düşünmürəm. Azərbaycanın televiziya və radio məkanına ayaq basdığım ilk gündən ətrafımdakı yaradıcı, eyni zamanda texniki işçilərin belə bir ədəb-ərkan sahibi olduqlarını gördüm. Geyimlərindən tutmuş davranışlarınadək diqqətli, nəzakətli insanların arasında olmaq məndə bir mühit auditoriyasının xarizmasını yaratdı.
Zamanca qısa, fəaliyyət və ömür yolu mənasında xeyli uzun olan 90 yaşlı radiomuzun azman, xalq tərəfindən sevilə-sevilə dinlənilən insanların gəzdiyi, oturduğu yerlərdə çalışmaq təkcə məsuliyyət deyil. Bura həm də özünü, sözünü bilən insanların qürur yeridir, fəxr etdiyi ikinci, bəlkə də birinci evləridir. Hər gün salamlaşdığım, qarşılaşdığım, ünsiyyətdə olduğum sənət fədailəri zaman olub ki, az maaşa da qane olublar. Ehtiyacın çox üzünü görüblər, ancaq özlərinə, sənət və peşələrinə heç vaxt xəyanət etməyiblər. Ailə, uşaq qınağına, qohum-əqraba tənəsinə tuş gələnlər o fikri üstün tutublar ki, onsuz yaşanan həyat mənasını itirə bilər. Bəlkə də deyəcəyim bu etiraflara görə kimsə məni qınaya da bilər. Bəlkə də bu tolerantlıq imitasiyası effekti verə bilər, amma söhbət həqiqətən səmimiyyətdən gedirsə, mən artıq belə düşünürəm ki, radio, televiziya sahəsində çalışan adamlar daha çox rahib və rahibələrə bənzəyirlər. Katolik kilsəsinin nurani dünyası rahib və rahibələri necə ağuşuna alırsa, radio və televiziya işçilərini də mühit və efir elə o cür assimilyasiya edir. Bu müqayisədə digər bir uyğunluq da var. Cəmiyyət, ictimaiyyət arasında radioda, televiziyada çalışan adamlara xüsusi diqqət və ehtiram göstərildiyini heç kəs dana bilməz. Təbii ki, söhbət əsl peşəkarlardan və sənətkarlardan gedir. Bu həm də ona bənzəyir ki, hansısa bir Avropa şəhərlərindən birinin küçəsindən keçərkən qarşıdan gələn uniformalı rahib və yaxud rahibə üçün çəkilib, hörmət və ehtiramla yol verilir. Elə təkcə bu fakta görə yaxşı bir ömür həsr etməyə dəyərmiş.
Bu günlərdə 90 yaşını qeyd edəcəyimiz Ana Radiomuz haqqında ürəyimdən keçən bəzi fikirləri yazmaq istədim və özüm də bilmədən tamam bir başqa ovqata kökləndim. İstədim həyət-bacasından tutmuş iş otaqlarına, studiya və çəkiliş pavilyonlarınadək çox müasir üslubda qurulmuş Ana Radiomuzdan, yaradılmış şəraitdən, rahatlıqdan tutmuş bizim hamımıza xüsusi qayğı göstərən hörmətli Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə etdiyi xidmətlərindən danışım. Amma bağışlayın ki, daha çox özümüzdən, sözün həqiqi mənasında şüurlu həyatını radioya bağışlayan insanlardan danışdım.
90 yaşın mübarək olsun Radiomuz - bizim hamımızın Radiosu!
Mahəddin ƏSGƏR