Gülhüseyn Şahhüseyn oğlu Məmmədov 1931-ci il oktyabrın 18-də Yardımlı rayonunun Telavar kəndində anadan olub.
Telavar kəndi rayonun ən böyük kəndlərindən biridir. Hələ 30-cu illərdə kənddə orta məktəb var idi. Kənddə uşaqlar arasında oxumağa meyl güclü idi. Gülhüseyn müəllim 1939-cu ildə Telavar orta məktəbinin birinci sinfinə daxil olub. Böyük Vətən müharibəsi başlayandan sonra müəllimlər müharibəyə getdiyi üçün məktəb yeddiillik məktəbə çevrilib. Ona görə də o yeddinci sinfi bitirdikdən sonra Yardımlı orta məktəbinin VIII sinfinə daxil olub. O vaxt müəllim çatışmadığı üçün kəndlərdəki orta məktəblər yeddiillik məktəbə çevrilib.
Telavar kəndi ilə Yardımlı arasında məsafə 22 km-dir. Üç il bu məsafəni o piyada gedib gəlib. 1949-cu ildə Yardımlı orta məktəbinin X sinfini bitirib. Gülhüseyn müəllimin dediyinə görə bu üç ildə o çox əziyyət çəksə də, çətinliklərə dözərək təhsilini başa vurub. Ümumiyyətlə, onun uşaqlıq illəri müharibə dövrünə düşüb. Deyir ki, atasının təhsili olmayıb. Lakin övladının oxuması ilə həmişə maraqlanıb. O deyir: "Mənim orta məktəbdə yaxşı oxumağımda onun böyük təsiri olub. Orta məktəbdə ən çalışqan və yaxşı oxuyan şagirdlərdən biri olmuşam. İctimai fənlərə, xüsusilə tarix fənninə böyük marağım olub, elə bu maraq məni sonralar Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə apardı".
1949-cu ilin sentyabrında Gülhüseyn müəllim rayonun Nisəqala kənd natamam orta məktəbinə müəllim təyin olunur. Həmin vaxt rayonda işləyən 247 nəfər müəllimdən yalnız 25-30 nəfərinin ali təhsili var idi: "Yüzdən yuxarı müəllimin heç tam orta təhsili də yox idi. Müharibə vaxtı müəllimlər müharibəyə getdikdən sonra orta məktəblərin 9-10-cu siniflərində oxuyanlar müəllim işləyirdi. Məktəbin müəllimləri 35-40 yaşdan yuxarı olanlar idi. Ona görə də uşaqlar mənə balaca müəllim deyirdilər. Dərslərə ciddi hazırlaşıb girərdim".
Gülhüseyn müəllim 1951-ci ilin dekabr ayından 1954-cü ilin oktyabr ayınadək Sovet ordusu sıralarında xidmət edib. Nümunəvi xidmətinə görə hərbi hissənin komandiri valideynlərinə bir neçə təşəkkür məktubu göndərir. O həmin məktubları indi də saxlayır. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin qiyabi şöbəsinə imtahan verərək qəbul olunur. 1961-ci ildə oranı bitirir. Universitetdə çox yaxşı oxuyub, kurs imtahanlarında yaxşı qiymətlər alıb.
Gülhüseyn müəllim hərbi xidmətdən sonra rayonun Bürzünbül, Honuba, Bərcan kənd məktəblərində müəllim işləyir. İşlədiyi bütün kollektivlərdə müəllimlərin, şagirdlərin və valideynlərin böyük hörmətini qazanır. Tədris etdiyi fənni şagirdlərə sevdirir. Onlara dərin bilik vermək üçün müxtəlif metodiki üsullardan istifadə edir. Rayonda qabaqcıl müəllim kimi tanınır. Bütün bunlar nəzərə alınaraq o, Zevin kənd orta məktəbinə direktor təyin olunur.
O, rayonda ictimai işlərdə də fəal iştirak edirdi. Siyasi cəhətdən hazırlıqlı və yüksək biliyə malik olduğu üçün Gülhüseyn müəllim rayon partiya komitəsinin təbliğatçısı vəzifəsinə təyin olunur. Rayon partiya komitəsinin tədbirlərinə qatılır, raykom tərəfindən kəndlərə göndərilir, partiyanın, hökumətin qərarlarını kənd camatına geniş təbliğ və izah edir. Bütün bunlara görə Gülhüseyn müəllim qısa vaxtda ictimaiyyət və rayon camaatı tərəfindən tanınır və onların rəğbətini qazanır.
1971-ci ilin avqustunda o qəbul imtahanlarından uğurla keçərək, Bakı Ali Partiya məktəbinə qəbul olur və iki il orda oxuyur. Bu məktəbdə də Gülhüseyn müəllim öz biliyinə görə fərqlənir.
1973-cü ilin dekabrında rayon partiya komitəsinin (RPK) plenumu Gülhüseyn müəllimi təşkilat şöbəsinin müdiri secir. Bu şöbə rayon partiya komitəsində aparıcı şöbə idi. Bu şöbədə işləmək daha çox məsuliyyət tələb edirdi. Ona görə də o rayon partiya komitəsində və ilk partiya təşkilatlarında partiya təşkilatı işi tələb olunan səviyyədə qurmaq üçün daha çox işləməli olur. İlk partiya təşkilatlarına tələbkarlığı artırır, vaxtaşırı onların seminarlarını keçirir, onlara əməli köməkliklər edir.
Bununla yanaşı o rayon partiya komitəsinin büro və plenum iclaslarının keçirilməsini də təşkil edir. Rəhbərlik onun işindən həmişə razılıq edir. 1975-ci ilin dekabrında rayon partiya komitəsinin konfransında Gülhüseyn müəllim RPK-nin katibi seçilir.
Gülhüseyn müəllim ideoloji sahə üzrə katib işləyir. İdeoloji sahə həm çətin və həm də çox sahəli idi. Təhsil, mədəniyyət, səhiyyə, redaksiya, rabitə, ticarət-bütün bunlara ideoloji işə baxan katib rəhbərlik edirdi. O, ziyalılarla işləməli idi, lakin Gülhüseyn müəllim artıq insanlarla işləmək sahəsində kifayət qədər təcrübəyə və biliyə malik idi və onun üçün bu sahədə işləmək heç də çətin deyildi. O bu sahələrin hamısına operativ rəhbərliyi təmin edir və qısa vaxtda həmin sahələrdə ciddi dönüş yaranır. Təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmlənir. Xeyli məktəblər, kitabxanalar tikilir. Rayonun mərkəzində 150 çarpayılıq xəstəxana binası onun işlədiyi vaxtda tikilib, istifadəyə verilir.
1983-cü ilin oktyabrında Gülhüseyn müəllim ikinci katib seçilir və yenə də ideoloji sahəyə rəhbərlik edir.
1993-cü ilin yanvarında Gülhüseyn müəllim bir neçə nəfər həmfikirlərini ətrafına toplayıb Yeni Azərbaycan Partiyasının rayon təşkilatını yaratmağa başlayır. O vaxt hakimiyyətdə Xalq Cəbhəsi idi. Rəhbər vəzifələrdə onların çoxu ona təsir göstərir ki, bu fikirdən əl çəksin, hətta başçı da onu qəbul edib ona vəzifə təklif edir ki, rayonda bu təşkilatı yaratmasın, lakin Gülhüseyn müəllim əqidəsindən, inamından dönən insan deyildi. Onun fəaliyyəti sayəsində partiyanın rayon təşkilatı yaranır. Buna görə də o fevral ayında vəzifədən çıxarılır, təhqir olunur, rayon prokurorluğu tərəfindən incidilir, ona ixtisası üzrə müəllim işləmək üçün dərs verilmir. Lakin yolundan dönmür və mübarizəsini axıradək aparır. Gülhüseyn müəllim 1996-cı ilin martında vəzifəyə təyin olunur. O, 1996-cı ilin martında rayon icra hakimiyyəti başçısının humanitar sahə üzrə müavini işləməyə başlayır.
Gülhüseyn deyir ki, gördüyüm işlərdən zövq alıram. Təkcə 2005-ci ildə rayonda 26 məktəb tikilib , 5 məkətb əsaslı təmir olunub.
Bir gün o icra başçısının yanına gəlib deyir ki, təqaüdə çıxmaq istəyirəm. Cavanlar işləsə yaxşıdır. Başçı razılaşmır və deyir ki, "bir az da işləyin, bizim sizin təcrübənizə ehtiyacımız var". 2006-cı ilin aprelində o ikinci dəfə başçının qəbulunda olub təqaüdə çıxmasına razılıq verməsini xahiş edir. Başçı razılıq verir və o, 13 aprel 2006-cı ildə dövlət qulluqçusu kimi təqaüdə çıxır. Uzun illər qüsursuz işlədiyinə görə onun xidmətləri dövlət tərəfindən qiymətləndirilib. "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə" medallarla təltif olunub, ona çoxlu fəxri fərmanlar verilib. Gülhüseyn müəllim bu gün işləməsə də, rayon ictimaiyyətinin, insanların ona olan hörməti əvvəlkindən də yüksəkdir. O yenə də ictimai işlərdə fəal iştirak edir, gənclərə öz dəyərli məsləhətlərini verir. Bu il Gülhüseyn müəllimin 85 yaşı tamam olur. Onu yaxından tanıyanlar bu gün də onunla fəxr edirlər.
Biz onu təbrik edir, uzun ömür və möhkəm cansağlığı arzulayırıq.
Məmməd FƏTƏLİYEV
BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, professor
Fərhad MİRZƏYEV
BDU-nun İqtisadi Kibernetika kafedrasının müdiri, dosent