|
|
|
|
Neçə-neçə şəhidin qanından yoğrulmusan,
Bütün aləm bilir ki, sən haqdan doğrulmusan,
İllərin atəşinə dözmüsən, qovrulmusan,
Üstündəki ay-ulduz yolumdakı çırağım-
Ey sevgili bayrağım...
Sən harda dalğalansan, ora nura bələnər,
Səni hara assalar, ora uğur ələnər,
Sən olduğun yerlərə nur, bərəkət çilənər,
Sənə yaraşıq verir elim, obam, torpağım-
Ey sevgili bayrağım...
Dünyada ən qiymətli qızılımsan, dürümsən,
Sən mənim qibləgahım, sən mənim and yerimsən,
Sənə səcdə edirəm, ocağımsan, pirimsən,
Sən harda varsan ora mənim yurdum, oylağım-
Ey sevgili bayrağım...
Arzum budur dalğalan hər şəhərdə, hər kənddə,
Təbrizdə, Zəngəzurda, Borçalıda, Dərbənddə,
Qarabağda, Şuşada, Xocalıda, Xankənddə,
Dəyməsin torpağıma bir də düşmən ayağı-
Ey sevgili bayrağım...
Əgər qurbanın olsam, onda xoşbəxt olaram,
Əgər kəfənim olsan, yeri cənnət olaram,
Mən səni enən görsəm, saralaram, solaram
Gəlir ellər, obalar səcdənə axın-axın-
Ey sevgili bayrağım...
Mən bilirəm ki, səni vəsf etmək çox çətindi,
Səni yenilməz edən ölməyən qüdrətindi,
Sən harda dalğalansan, ora bu millətindi,
Zirvələrdə ucal sən, qoy yayılsın sorağın-
Ey sevgili bayrağım...
Şəmsi VƏFADAR