Noyabrın 21-də Gənc Tamaşaçılar Teatrında şair Səlim Babullaoğlunun “ATV Kitab” seriyasından “Parlaq imzalar”la nəşr edilən “İlyas Göçmənin şəkil dəftəri” şeir kitabının təqdimatı və teatrın böyük səhnəsində “Vizual poeziya” seansı keçiriləcək. Müəllif görkəmli türk fotoqrafı İlyas Göçmənin 40 fotosuna yazdığı 40 şeirdən 12-ni səsləndirəcək ki, müəllif qiraəti fotolar əsasında hazırlanmış mini-filmlərlə müşayiət ediləcək.
525.az-a açıqlamasında şair Səlim Babullaoğlu bunları deyib:
“Əvvəla mən Mədəniyyət və Turizm nazirliyinə, ATV kanalına, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatına, “Culture and Management Lab” Təşkilatına və ARB kanalına minnətdarlıq edirəm. Çünki, belə tədbirlər yalnız dəstəklə olur. Mənim yaradıcılıq gecəm isə əslində 21-23 noyabr tarixləri arasında keçirilməsi nəzərdə tutulan ədəbiyyat tədbirləri zəncirinin bir halqasıdır. Ondan başlayım ki,noyabrın 21-də saat 12.00.da ATV kanalının binasında “ATV Qalereyada” növbəti sərgi, görkəmli türk fotoqrafı İlyas Göçmənin foto-sərgisinin açılışı olacaq. Həmin günün axşamı, saat 19.00.da isə Gənc Tamaşaçılar Teatrında ATV-nin “Parlaq imzalar” nəşriyyatı ilə ortaq layihəsi olan “ATV Kitab” seriyasından mənim “İlyas Göcmənin şəkil dəftəri” şeir kitabımın təqdimatı, həmin kitaba daxil edilən 12 şeirdən ibarət “Vizual poeziya” seansı baş tutacaq. Fotolardan hazırlanmış videoçarxların müşayiəti ilə...”
“ATV Kitab” seriyasından məşhur İran yazıçısı Mustafa Məsturun “Tanrının Ay üzündən öp” adlı romanı nəşr olunmuşdu.
Qərara gəldik ki, müəllifi Bakıya dəvət edək, onun oxucularla görüşünü, mühazirəsini təşkil edək. Ayın 22-də həmin mühazirəni və görüşü təşkil edəcəyik. Növbəti günlər üçün də tədbirlər nəzərdə tutulub ki, bu haqda da mətbuata açıqlama veriləcək.