Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Bakıdakı səfirliyi ilə birgə təşkil edilmiş, böyük şair Əlişir Nəvainin 575 illiyinə həsr olunmuş "Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsusiyyətlərindən bəhs edib, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haqqında geniş məlumat verib.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iki ölkə arasında ədəbi-mədəni əlaqələrin əhəmiyyətindən söz açıb.
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyəti haqqında maraqlı məruzə edib.
Sonra Almaz Ülvi Binnətovanın "Əmir Əlişir Nəvai ədəbi xəzinəsinin inciləri", Gülbahar Aşurovanın "Tarixə nəzər və müstəqillik dövrü nəvaişünaslığı", Akif Bağırovun "Nəvai və intibah", Yaşar Qasımbəylinin "Əlişir Nəvai və XIII-XIV əsrlər özbək poeziyası", Siracəddin Hacının "Nizami Gəncəvinin "Sirlər xəzinəsi" və Nəvainin "Heyrət ül-əbrar" poemalarının müqayisəli təhlili" məruzələri dinlənib.
Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilmiş yeni kitablar qonaqlara hədiyyə olunub. Özbəkistan səfirliyi və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti adından akademik İsa Həbibbəyliyə hədiyyə və kitablar təqdim edilib.
Tədbir boyu Nəvainin həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub.