AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradovun “IX-X əsrlər azərbaycanlı hədisşünas alim Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli)” kitabı nəşr edilib.
Əhməd Harun oğlu əl-Bərdici (Bərdəli) hədisşünas alim, öz dəsti-xətti, elmi üslubu və metodu ilə hədis tarixinin “Qızıl dövrü” adlandırılan hicri III (miladi IX) əsrə yenilik gətirməyə nail olmuş azərbaycanlı din alimlərindən biridir.
Kitab AMEA adına Şərqşünaslıq İnstitutunun direktoru, müxbir üzv Gövhər Baxşəliyevanın önsözü ilə açılır. Əsər özü giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. “İlahi vəyhlər - Qurani-Kərim və hədis” adlı birinci fəsildə İslam dininin təşəkkül tapmasından, Qurani-Kərimdən, hədis və sünnədən bəhs edilib. İkinci fəsil əl-Bərdicinin həyat və yaradıcılığına həsr olunub. Burada əl-Bərdicinin həyatı, təhsili, müəllimləri, tələbələri, elmi fəaliyyəti haqqında geniş məlumat verilib.
Üçüncü fəsildə əl-Bərdici bir hədisşünas alim kimi nəzərdən keçirilib. Burada alimin “Səhabələrin Peyğəmbərdən “əl-kəbair” (böyük günahlar) mövzusuna dair rəvayətlərini ehtiva edən cüz kitabı” və “Səhabə, tabiun və hədisçilərin nadir adlarından bəhs edən təbəqat kitabı” əsərləri təhlil edilib.
Əl-Bərdicinin dövrümüzə qədər gəlib çatmış əsərlərinin əlyazma nüsxələri, onların hazırkı vəziyyəti haqqında dəqiq məlumatın verilməsi və ilk dəfə olaraq Azərbaycan oxucusuna alimin əsərlərinin çoxəsrli əlyazma nüsxələrinin surətlərinin təqdim edilməsi monoqrafiyanın əhəmiyyətini artıran amillərdəndir. Ölkəmizdə azərbaycanlı alim Əhməd Harun oğlu əl-Bərdicinin elmi fəaliyyəti müfəssəl şəkildə ilk dəfə İ.Əlimuradov tərəfindən araşdırılıb və xarici tədqiqatçıların əl-Bərdici ilə bağlı tənqidi fikirlərinə elmi şəkildə münasibət bildirilib.