Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış şair, Respublika Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Fikrət Sadıq vəfat etmişdir.
Fikrət Sadıq (Fikrət Abbas oğlu Sadıqov) 1930-cu il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsilini tamamlıdıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir. 1946-1952-ci illərdə Gəncə Neft Kəşfiyyatı İdarəsində elektrik montyoru vəzifəsində işləmişdir. Orduda xidmətini başa vurduqdan sonra bir müddət Bakıda kinomexanik işləmişdir. 1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Həmin universitetdə baş laborant, Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında elmi redaktor, şöbə müdiri, Cəfər Cabbarla adına "Azərbaycanfilm" Kinostudiyasında elmi-kütləvi filmlər idarəsində baş redaktor, Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru, poeziya üzrə məsləhətçi vəzifələrində işləmişdir.
Fikrət Sadığın imzası yarım əsrdən artıqdır ki, geniş oxucu auditoriyasına tanışdır. Bədii ədəbiyyata gəldiyi ilk vaxtlar- ötən əsrin əllinci illərində şeirləri ədəbi ictimaiyyətin diqqətini çəkmiş, böyük maraqla qarşılanmışdır. İlk qələm təcrübələri Bakı Dövlət Universitetinin tərtib etdiyi "Gənclik nəğmələri" almanaxına daxil edilmişdir. "Cığır" adlanan ilk kitabı 1963-cü ildə işıq üzü görmüşdür. "Ömrün bir günü", "Dəniz küçəmizə gəlir", "Sevgi yağışı", "İşığın yaşı", "Yerdən göyə ümid", "Məndən soruşsalar", "Sərhəddə səhər", "İşlə ev arasında", "Gözlədiyim ömür", "Dünya öz işindədir", "Taleyin acığına", "Halbuki", "Bugünnamə", "Kəsə sözlər", "Bugünnamədən ilmələr" və s. kitablarında toplanmış şeirlərində poetik axtarışlarının əsas obyekti dünyanın təzadları, insanların qayğısı, sevincidir. Müraciət etdiyi mövzulara vətəndaşlıq qayəsi ilə yanaşır, səmimiyyətilə oxucunun qəlbinə yol tapan şair həm də uşaqların da sevimlisidir. "Cırtdan hara getmişdir?", "Bala kirpi", "Göydən alma düşmədi", "Gəlin yuyaq dənizi", "Şeirli əlifba" kitabları balaca oxucularımıza töhfədir. Qələmini nəsrdə və dramaturgiyada da sınamışdır. "Yumşaq top", "Bir parça Vətən", "Oğul" pyeslərinin, bir neçə hekayənin müəllifidir. Bədii tərcümə sahəsində də xidmətləri diqqətəlayiqdir. Türk şairi Tofiq Fikrətin "Şərmin", rus şairi Samuel Marşakın "Axmaq siçan balasının nağılı" kitabları onun tərcüməsində Azərbaycan oxucusuna çatdırılmışdır. Kino sahəsində də səmərəli fəaliyyət göstərmişdir. "İçərişəhər", "Naxçıvan-50", "Süleyman Rüstəm" sənədli filmlərinin, "Cırtdanın yeni sərgüzəştləri" cizgi filminin ssenari müəllifidir.
Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, "Əməkdar mədəniyyət işçisi" fəxri adına, Azərbaycan Dövlət mükafatına, "Əməkdə igidliyə görə" medalına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Prezidentin fərdi təqaüdçüsüdür.
Tanınmış şair, səmimi, təvazökar insan Fikrət Sadığın işıqlı xatirəsi oxucularının və qələm yoldaşlarının qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi