“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinning layihəsinin rəsmi açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyev, digər rəsmi şəxslər, xarici qonaqlar iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2 il davam edəcək layihənin ümumi məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. O deyib ki, əsas məqsəd Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycanın Dövlət İmtahan Mərkəzidir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2 il üçün nəzərdə tutulan layihənin büdcəsinin 1,2 milyon avro olduğunu söyləyib. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda peşəkar dövlət qulluğu sistemi yaradılmasıdır. Dövlət qulluğunun daim inkişaf tələb etdiyini vurğulayan M. Mard qeyd edib ki, avropalı mütəxəssislər 2 il müddətində Azərbaycandakı tərəfdaşları ilə işləyəcək və layihə üzrə tövsiyələr verəcəklər: “Son 10 ildə Avropa İttifaqı Azərbaycanda 47 tvinning layihəsi həyata keçirib. İlin sonuna kimi bunların sayını 50-yə çatdıracağımıza ümid edirik”.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bu layihənin həyata keçirilməsini vacib addım hesab edib: “Tvining elə bir proqramdır ki, tərəfdaşdan asılı olmayaraq nəticə etibarilə uğur gətirir. Azərbaycan Avropa İttifaqı ilə müxtəlif sahələr üzrə əməkdaşlıq edir. Səkkiz ilə yaxındır ki, Milli Məclisdə Avropa İttifaqı ilə işçi qrupu fəaliyyət göstərir. Tvinning layihələrinin həyata keçirilməsi maliyyə tələb edir. Ancaq buna baxmayaraq, maliyyənin sərf edilməsinin düzgün qurulması orada iştirak edən ölkələrin təcrübəsindən çox asılıdır. Müəyyən çətinliklərin olması da qaçılmazdır. Hazırda dövlət qulluğu ilə bağlı layihə çox vacibdir. Gündəlik qanunvericiliklə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, dövlət qulluğundan çox şey asılıdır. TQDK ilə DQMK-nın birləşdirilməsi nəticəsində Dövlət İmtahan Mərkəzinin yaradılması bu sahənin daha da inkişaf etdirilməsi, dünya standartlarına uyğunlaşdırılmasına böyük dəstək olacaq”.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digər natiqlər də layihənin əhəmiyyətindən danışıblar.