Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında komitə sədri Ədliyyə Nazirliyini qeyri-obyektivlikdə ittiham edib.
APA-nın məlumatına görə, bələdiyyələrin illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışını bitirdikdən sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə söz alıb.
O qeyd edib ki, komitə iclasında məruzə ilə bağlı təkliflər irəli sürülsə də, heç biri məruzədə yer almayıb, bir problem belə qabardılmayıb:
“Biz orada bəzi tənqidlər də qeyd etmişdik, təəssüf ki, nəzərə alınmayıb. Axı belə olmaz. Bəs, Komitə iclasını niyə keçiririk? Biz nə üçünük?”
A. Rəhimzadə bildirib ki, ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb: “Amma işlərin səmərəliliyi daha da artırılmalıdır”.