https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

Vaqif Paşayev: "Bu nailiyyətim Ginnesin Rekordlar Kitabına düşə bilər"

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Vaqif Paşayev: "Bu nailiyyətim Ginnesin Rekordlar Kitabına düşə bilər"

"Azərbaycanlı futbolçular arasında yetirmələrim çoxdur. Premyer Liqa və I Divizionda 70-dən çox futbolçum çıxış edib. Amma mən, əsasən, 4 futbolçunu öz yetirməm sayıram. Çünki onları şəxsən yetişdirmişəm".

Bunu ölkəmizin uşaq futbolu üzrə tanınmış məşqçisi, hazırda "Sumqayıt" klubunda 17 və 19 yaşadək futbolçulardan ibarət komandaların koordinatoru vəzifəsində çalışan Vaqif Paşayev deyir. 64 yaşlı mütəxəssis böyük fəxarət hissi ilə yetirmələrinin adlarını çəkir - Ceyhun Sultanov, Saşa Yunisoğlu, Vaqif Cavadov və Rəşad Sadıqov. Sultanov artıq futbolçu yox, elə "Sumqayıt"da klub meneceridir. Qalanları isə karyeralarının qürub çağlarını yaşayırlar. Yunisoğlu I Divizionun iddialı komandalarından olan "Səbail"in kapitanıdır. Cavadov Premyer Liqada AZAL klubunda forma geyinir. Sadıqov isə həm "Qarabağ" klubunun, həm də Azərbaycan millisinin lideridir. O, Azərbaycanda 5 dəfə "İlin futbolçusu" seçilib, milli komandada 100-dən çox oyuna çıxıb. V.Paşayev Azərbaycanda bu nailiyyəti yaxın 20 il ərzində kiminsə təkrarlaya biləcəyinə inanmır. Cavadov və Sultanov da əvvəllər "İlin futbolçusu" seçiliblər. Amma bir nailiyyət də var ki, hətta Ginnesin Rekordlar Kitabına belə düşə bilər: "2010-cu il oktyabrın 12-də Bakıda Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyimiz oyunda Azərbaycan yığmasının ilk "11-liy"ində 3 yetirməm oynayırdı: Sadıqov, Cavadov və Yunisoğlu. Yəni, start heyətin təqribən 30 faizi mənim yetirməm idi. Üstəlik, yeganə qolu da Rəşad vurdu. Bu, böyük nailiyyətdir. Bir klubun oyununda özünün 11 yetirməsinin hamısı çıxış edə bilər. Amma millidə bir məşqçinin 3 yetirməsinin meydana çıxması halına heç vaxt rast gəlinməyib. Bunu mənə deyənlərdən eşitmək çox xoşdur".   

"Yetirmələrim adımı yüksəltdilər" 

V.Paşayev bütün bu işləri heç bir təmənna güdmədən edib. Deyir ki, həmişə Azərbaycan futbolu naminə çalışmaqdan zövq alıb. Futbolda işləyə-işləyə özünə nə mənzil alıb, nə də avtomobil. Sürdüyü maşını isə ona elə Rəşad Sadıqov hədiyyə edib: "Allah canını sağ eləsin. Mənin üçün əsas nailiyyət uşaqları yetişdirməkdir. Yadımdadır, valideynləri həmişə mənə deyirdilər ki, bunlardan bir şey çıxacaq? Mən də "hə" cavabını verirdim. Onlar inanmırdılar. Ancaq mən inanırdım. Doğrudan da çox ağıllı, güclü futbolçular oldular. Onların gələcəklərini görürdüm. Hissiyyatım mənə belə deyirdi. Həm SSRİ dövründə, həm də indi Avropada məşqçi futbolçulardan yaxşısını seçir. Deyir ki, nə olsa, bundan olacaq. Bu, bəlkə də bir vergidir. Sağ olsunlar, yetirmələrim adımı yüksəltdilər, Rəşada, Ceyhuna görə tanındım. 10 il dalbadal millinin kapitanları mənim futbolçularım oldu. Sultanov 2 il kapitan sarğısını daşıdı, Rəşad isə 8 ildir daşımaqdadır. Bundan yaxşı nə ola bilər?" 

"Heç vaxt futbolçularımın üstümə qışqırmamışam" 

Bəs görəsən, yazımızın qəhrəmanı bu cür tanınmış futbolçuları necə yetişdirərək, ərsəyə gətirib? V.Paşayev deyir ki, futbolçularda istedad heç də anadangəlmə olmur. Onlarla gərək işləyəsən ki, yetişərək, yüksək səviyyəyə çatsınlar: "Hər 4 ildən bir uşaq yığırdım. 1978-1979, 1982-1983, 1986-1987 təvəllüdlülər... 8 il ərzində hardasa 120 uşaq əlimin altından keçdi. Amma yaxşı futbolçu kimi yetişənlər az oldu. Halbuki hamıya eyni məşqi keçirdim. Uşaqlar səhvlərini, mən başa salandan sonra 5-6 dəfə təkrarlayırdılarsa, onlara ümidlər bəsləyə bilməzdim. Heç vaxt futbolçularımın üstümə qışqırmamışam. Onlarla insan dilində danışmışam. Bunu başa düşməyənlərə "yaxşı yol" söyləmişəm. Kiminsə üstünə qışqırmaq, söymək məndə heç vaxt olmayıb, olmayacaq da. Öz övladımla etmədiyim rəftarı özgəsinin uşağına qarşı necə edə bilərəm? Onlara qarşı çox ciddi idim. Demirəm ki, məndən qorxmalı idilər. Amma bir artıq hərəkəti buraxmırdım: İstər meydanda, istərsə də kənarda. Paltardəyişmə otağında artıq bir səs ola bilməzdi. Yetirmələrim işə məsuliyyətlə yanaşırdılar".  

"Məşqçi müəllim olmasa, futbolçu yetişdirə bilməz" 

Daha bir əsas məsələ yetkinlik yaşına çatan uşaqları düzgün istiqamətləndirməkdir. Bu, hər sahədə olduğu kimi, uşaq futbolunda da özünü büruzə verir. Təcrübəli mütəxəssisin fikrincə, belə məqamlarda məşqçi həm də pedaqoq funksiyasını yerinə yetirməyi bacarmalıdır: "15-16 yaşına çatanda uşaqda kişiləşmə prosesi başlayır. Bir çoxları bu mərhələdə itir. Onların qarşısında 5 istiqamət olur: futbol, məhəllə, sevgi, pis yol və təhsil. Məşqçi bu zaman hər şeyi etməlidir ki, həmin uşağı düzgün yola çəksin. Bunun üçün böyük iş görmək lazımdır. Uşağa qarşı ata kimi də olmalısan, müəllim kimi də. Ən əsası pedaqoq, psixoloq olmalısan. Məşqçi müəllim olmasa, futbolçu yetişdirə bilməz. Məsələn, Rəşad Sadıqov çox mərd oğlandır. Bir dəfə düz hərəkət etməsəm, onu üzümə deyər. Elə uşaq da var ki, məşqçinin sözləri vecinə deyil. Futbol çox çətin oyundur. Bəzən deyirlər ki, məşqçiliyə nə var: əlinə fit götür, 20 nəfərə məşq keç. Xeyr, 11 nəfəri bir yumruq kimi birləşdirmək, komanda halında idarə etmək asan məsələ deyil. Bir də görürsən ki, 2 insan yola çıxanda mübahisə edir. 11 futbolçu bir yerdə olanda nələr baş verə bilər?"

"Mən bu uşaqlarla fəxr edirəm" 

Tanınmış məşqçi bildirir ki, futbolçuları asfalt üzərində məşq keçməklə yetişdirib. Halbuki indi süni örtüklü meydanların belə, zərərli olduğunu düşünənlər yetərincədir: "Çox söhbətlər gedir ki, futbolçular süni örtükdə zədə alırlar. Ancaq fikrimcə, bu, uşaqların özlərinə baxmamaları ilə əlaqədardır. Rəşad Sadıqovun bir yaxşı sözü var: "Biz peşəkar futbolçu deyilik. Peşəkarlıq başqa şeydir". Mən süni örtüklü meydana çıxıramsa, buna uyğun butslarım olmalıdır. Bilməliyəm ki, bu qazonda necə oynamalıyam, nə ola bilər. Asfaltda oynayanda top tullanır. Futbolçu bilmir ki, topa baxsın, yoxsa başını qaldırıb meydana. Süni örtüklərin ən böyük üstünlüyü meydanın düz olmasıdır. Uşaqlara ilk növbədə öyrətmək lazımdır ki, başıaşağı baxmasınlar. Qorxmasınlar ki, top birdən "qaçar", ot kəsəyinə dəyər. Həmişə deyirəm: necə ola bilərdi ki, asfaltda heç bir futbolçumun beli ağrımasın? Asfalt bərkdir, yoxsa süni örtük? O vaxtın uşaqları vaxtında yeyir, 8 saat yatırdılar. Hazırkı süni örtüklü meydanlar o vaxtlar olsaydı, görün, yetirmələrim hansı aparıcı komandalarda forma geyinərdilər".

Bununla belə, V.Paşayevin 4 yetirməsinin hər biri legioner həyatı yaşayıb. Rəşad Sadıqov Türkiyə Super Liqasında "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor" komandalarının formasını geyinib. Halbuki elə futbolçularımız var ki, hətta Türkiyə I Liqa komandasında əsas heyətə düşə bilmirlər. Ceyhun Sultanov İranın "Maşinsazi", Saşa Yunisoğlu Polşanın "Yagelloniya", Vaqif Cavadov isə Rusiya MOİK-indən əlavə, Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarında yer alıb: "Cavadov 4 ilədək mənim rəhbərliyim altında çalışdıqdan sonra Rusiyanın MOİK komandasına yollandı. Yəni, baza biliklərinə yiyələnməsinin ardından Moskvada inkişaf etdi. Hərdən onun MOİK-in yetirməsi olduğuna dair fikirlər eşidirəm. Bizdə belədir: özününkünü qoyub, daha mötəbər birisinin adını çəkməyi xoşlayırlar. Amma Cavadov hər yerdə "Mənim məşqçim Vaqif Paşayev olub" deyir. Sağ olsun! Mən bu uşaqlarla fəxr edirəm. Onlar mənim işimi, əziyyətimi yerə vurmadılar".  

"Hazırkı futbolçuların yemək və yuxu sarıdan problemləri var" 

V.Paşayev hazırda "Sumqayıt"ın əsas komandası üçün istedadlı futbolçular yetişdirməklə məşğuldur. O, 17 və ya 19 yaşadək futbolçular arasındakı ölkə çempionatında yüksək nəticələr göstərməkdənsə, bunu daha vacib hesab edir: "Mən ilk iş günümdən nəticəni ikinci plana qoymuşam. Rusiyanın yeniyetmələr yığmasının baş məşqçisi, güclü mütəxəssislərdən olan Andrey Talalayevin fikirlərini oxuyuram. Deyir ki, "Barselona"nın uşaq komandalarında heç vaxt zəif oyunçunu heyətdən kənarlaşdırmırlar. Çünki nəticəni yalnız əsas komanda verir. Hamı futbolçu yetişdirmək üçün əsas komandaya işləməlidir. Bu, hələ SSRİ vaxtından olub. Ola bilər ki, mən nəticə verim, komanda çempion olsun, ancaq bir futbolçu da yetişdirməyim. Komandam qış fasiləsinə 7-ci yerdə çıxdı, ancaq 6 futbolçum əvəzedici heyətə getdi. Düzdür, orda uduzurlar, ancaq gec-tez əsas komandaya düşəcəklər. Biri var özün yetişdirəsən, biri də var yaxşı məşqçilərdən alasan. Mən Ceyhun Sultanovu 9, Rəşad Sadıqovu 10 yaşından götürüb 18 yaşında futbolçu kimi yüksək səviyyəyə çatdırmışam".

Tanınmış mütəxəssis indiki və vaxtilə yetişdirdiyi futbolçular arasında böyük fərqin olduğunu da etiraf edir. Onun fikrincə, hazırkı futbolçuların yemək və yuxu sarıdan problemləri var: "Heç kəs bilmir ki, yeməkləri nə vəziyyətdədir. Uşaqlarda həmin güc, həmin istək yoxdur, düşüncə çox zəifdir. O cəsurluq bunlarda yoxdur. Rəşadla, Ceyhunla işləyəndən sonra bu uşaqlarla çalışmaq mənə çox çətindir. Bir sözü nə qədər demək, bir səhvi nə qədər təkrarlamaq olar? Balaca uşaq hiss edir ki, qazan istidir, ona daha dəymir. Bəs siz bunu niyə yenidən edirsiniz? Hərdən özlüyümdə deyirəm ki, belə uşaqlarla işləməklə özümə qarşı çox hörmətsizlik edirəm. Uşaqlar çox pis vəziyyətdədirlər. Görürəm ki, futbolçuya məşqçisi kənardan hara ötürmə etməli olduğunu deyir. Onda bu uşaq futbolçu yox, robot olur. Sabah 100 minlik stadionda baş məşqçisinin səsini eşitməyəndə nə edəcək? Topu qəbul edəndə ötürmə verəcəyi istiqaməti axtaracaq. Futbolçu meydanda tez qərar verməlidir. Bunun üçün öz üzərində çox işləməlidir. İnsanın həyatda da düşüncəsi işləməlidir".

Lakin uşaq futbolundakı bütün çətinliklərə baxmayaraq, V.Paşayev çalışdığı klubdan razıdır: "Futbol Akademiyamız stadion tikiləndən sonra - 4 ildir aktiv fəaliyyətə başlayıb. Görürəm ki, "Sumqayıt"da iş normal gedir, heç bir problem yoxdur. Klub prezidenti Kamran Quliyevdən, uşaq futbolu üzrə koordinatordan nəsə istəyəndə heç kəs mənə deməyib ki, bu, mümkün deyil, alınmır. Quliyevlə futbol dilində danışmaq alınır. Çünki özü də uşaqlıqda futbolla məşğul olub, oynayıb. Sonra gedib oxumağa. O, AFFA-da Uşaq Futbolu Departamentinin rəisi olub. Xoşlamır ki, kimsə işə elə-belə gələrək vaxtını keçirsin".

Elşən MƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.