"Qara dənizdə hərbi donanmalar arasında qurulan işbirliyinin nəticəsində müxtəlif silah arsenalına malik gəmilər nəinki regional, eləcə də beynəlxalq gərginliyin artdığı dövrdə çoxları üçün gözlənilməz olan manevrlərlə çıxış ediblər.
Rusiyanın qanadlı uzaqmənzilli "Kalibr" raketlərini daşıyan "admiral Qroqoryeviç" gəmisini müşayiət edən minadaşıyanlar Türkiyənin "Barbaros"u və "Böyükadası" ilə bərabər şərti hədəflərə qarşı təşkilati koordinasiya, hücumların dəf edilməsi və xilas edilmə əməliyyatlarını həyata keçiriblər". Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc Amerikanın "The National İnterest" dərgisində Rusiya-Türkiyə birgə hərbi təlimləri ilə bağlı dərc olunan sensasion məqaləyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, maraqlıdır ki, sözügedən ölkələrin mediasında oxşar məlumatlara rast gəlinmir: "Qara dənizi bütün tarix boyu hərbiləşdirmək uğrunda region dövlətlərinin arasında nifaq almasına çeviriblər. Sovetlər Biriliyi dağılandan sonra NATO həmin regionu cənub cinahı sayaraq özünün strateji maraq zonasına daxil edib. SSRİ-nin mövcudluğu illərində həmsərhəd ölkələrin birgə hərbi dəniz qüvvələri yaradılmışdı, lakin zamanla həmin ittifaq dağıldı. Əvəzində Türkiyə və NATO gəmiləri dəniz akvatoriyasında lövbər salaraq Rusiyanın isti dənizlərə çıxmaq siyasəti qarşısında mühüm çəkindirmə mexanizmi yaratmağa çalışdılar. Halbuki, qeyri-dəniz ölkələrin donanması Montre Konvensiyasının şərtlərinə görə oraya gələ bilməz".
2014-cü ildən sonra Maydan inqilabı ilə Birləşmiş Ştatların atom güclərini daşıyan bir sıra gəmilərinin Qara dənizə daxil olduğunu xatırladan Z.Oruc qeyd edib ki, uzun müddətdir bu gəmilər orada müxtəlif xarakterli manevrlərini davam etdirir: "Krım böhranının davam etməsi, üstəlik, Moskva və Kiyev arasında siyasi qarşıdurmanın dərinləşməsi fonunda bir çoxları Türkiyənin barrikadanın hansı cinahında dayanacağının qəti şəkildə söyləyirdi. Hətta rus qırıcısının vurulması ilə Ankara ilə yaranmış diplomatik qalmaqalın hərbi təsirinin yüksək olduğu günlərdə Rusiya ordusunun Qərərgah rəisi Valeri Gerasimov "Türkiyə Qara dənizin artıq əsas gücü deyil" bəyənatını verərək son illər ərzində orada qüvvələr nisbətinin dəyişdirildiyinə işarə etmişdi. İndi isə rusların türklərlə birgə dəniz təlimi və hərbi ittifaqının kiçik bir formatı meydana çıxır. Sual olunur ki, kimə qarşı? Obama administrasiyasının son aylarında Amerikanın bütün təhdidlərinə baxmayaraq, İran-Rusiya-Türkiyə arasında qurulan razılaşmanın yeni geopolitik düzəndə yaratdığı dəyişikləri hesablayan beynəlxalq ekspertlər belə əməkdaşlığın hərbi alyansa çevriləcəyini təxmin etmişdilər. İndi isə Türkiyə 16 aprel referendumu ərəfəsində Qərblə siyasi soyuqluğun pik dövrünü yaşayır. Əcəba, Ərdoğan şahmat taxtasında hansı partiyanı oynayır? NATO-ya qarşı sitəm etmək və Brüsseli qıcıqlandırmaq AKP iqtidarının nəyinə lazımdır?"
Deputat hesab edir ki, qərbyönümlü kursdan imtina Türkiyənin gündəmində dayana bilməz: "Çünki əsas iqtisadi-ticarət partnyorları məhz Avropada yerləşir. Ona görə də, xarici siyasət oriyentasiyasını dəyişməkdən deyil, sadəcə təzyiq və Rusiya ilə ittifaqın hansı perspektivlər aça biləcəyini Şimal Atlantik Alyansı üzvlərinə mesaj etməkdən söhbət gedə bilər. Sadə dillə desək, Ərdoğan ölkəsinin hər zaman alternativ bloklara gedə biləcəyini ortaya qoyur. Bəs Moskva? Rusiya bir tərəfdən Amerikaya Qara dənizdə onun qarşısına səddin çəkilməsinin qeyri mümkünlüyünü göstərir, o biri yandan Ukrayna və Krım məsələsində Ankaranın hərbi gücünün onun əleyhinə yönəlməyəcəyini dilə gətirir. Baş qabir rakursdan Saakaşvilinin üzünü döndərdiyi Gürcüstanın qərbyönümlü kursundan qorunmaq üçün də mühüm bir platsdarmı əldə möhkəm saxlamaq lazımdır. Bir sözlə, quru məkanındakı gərginlik hər an dənizdə toqquşmalara səbəb ola bilər".
Z,Oruc bildirib ki, Qara dənizdə müharibə tarixən iki imperiya - Rusiya və Osmanlı xanədanları arasında əsas baş ağrısından biri olub: "Rusiya-Türkiyə hərbi ittifaqı hətta xəyal olaraq da dünyanın bir nömrəli qorxulu röyası ola bilər. Çünki imperiya qurmuş iki böyük xalq tarixi səlnamələri müasir dövrə daşıyınca, nəinki dənizdən dənizə, eləcə də sonsuz göylər altında ucsuz-bucaqsız məkanları tuta bilər. Avrasiya qitəsində ikibaşlı qartalın ay-ulduzlu izdivacı yüzlərlə siyasi paytaxtı yerindən oyadır. Ona görə də Qara dənizdə sular hələ durulmaz".
Ceyhun ABASOV