|
|
|
|
Əsərin adı olduqca diqqətçəkicidir. Bu ad oxucuya irəlidə fərqli, orijinal fikir və mülahizələrlə rastlaşacağını xəbər verir.
Oxuculara təqdim etmək istədiyimiz bu monoqrafiyanın (Bakı, Orxan NPŞ MMC, 2016) elmi redaktoru professor Qəzənfər Kazımovdur. Kitab onun "Professor Təyyar Salamoğlunun "Qarlı aşırım" düşüncələri" adlı yığcam "Ön söz"ü ilə açılır. Kitaba şair-publisist Əli Rza Xələfli "Ön söz" yerinə "İkinci söz", yaxud tənqidçinin Azərbaycançılıq həqiqətləri" adlı çox geniş bir şərh də yazmışdır.
Monoqrafiyanın giriş, üç fəsil və nəticə hissələrinə bölünərək xüsusi bir səliqə və dinamik ardıcıllıqla yazılması usta qələmindən çıxmış yetkin bir təfəkkür məhsulunu göz önündə sərgiləyir.
Əsər boyu müəllifin mövqeyilə yazıçının mövqeyi bir-birini tamamlayır. Bu da onu göstərir ki, tənqidi düşüncə dərin, çevik və analitik xarakter daşıyarsa, yazıçı mövqeyini, obrazların səciyyəsini düzgün aşkarlaya bilər. Monoqrafiya müəllifi tədqiqat zamanı yazıçının obrazları necə təqdim etməsinə xüsusi bir incəliklə yanaşmış, onun məqsəd və məramının mahiyyətinə vararaq, analitik tənqidi mövqe nümayiş etdirə bilmişdir. Əvvəlki tədqiqatçılar öz düşüncələrində məsələlərə daha çox sovet ideologiyasının tələbləri ilə yanaşdıqlarından, yazıçının niyyətini dürüstlüklə açmağa çətinlik çəkir, obyektiv gerçəkliyin bədii inikas xüsusiyyətlərini tam şəkildə təhlil müstəvisinə gətirə bilmirlər.
Fərman Kərimzadə obrazları heç də mənfi və müsbətlərə ayırmamış, onları həyatda olduğu kimi, təbiiliyi ilə təsvir etmişdir. Romanı da, monoqrafiyanı da oxuyarkən gəldiyimiz qənaət birdir: İnsanın xarakteri, onun hadisələrə münasibəti sinfi mənsubiyyəti ilə dəyərləndirilməməlidir. Əslində, bütün dövrlərdə və cəmiyyətlərdə nə bütün varlılar vicdansız, nə də bütün kasıblar vicdanlıdır. Bu daha çox şəxsiyyət və mənəviyyatla bağlı olan bir məsələdir. Qəmlo aşağı təbəqənin, əzilən sinfin nümayəndəsi olduğu halda, yeni hökümətin qatı düşməni, əlisilahlı, sorğusuz-sualsız baş kəsməkdən zövq alan bir canidir. Abbasqulu bəy isə yuxarı təbəqənin nümayəndəsi olmasına baxmayaraq, insana insani münasibət onun bütün varlığını təşkil edir. Və bu halda Kərbəlayi İsmayılın yeni hökümət əleyhinə silahlı qarşıdurmasının səbəbi kimi onun sinfi mənsubiyyətini göstərmək doğru olmaz. Digər tədqiqatçılardan fərqli olaraq prof. T.Salamoğlu Qəmlonu heç də müəmmalı xarakterə malik obraz hesab etmir, əksinə, onun bir insan olaraq təbiətini yazıçının özü kimi birmənalı dəyərləndirir.
Monoqrafiya bizdə F.Kərimzadənin dövrün hadisələrini doğru-düzgün, əsl yazıçı-vətəndaş cəsarəti ilə qələmə alması haqqında qənaət formalaşdırır.
Tədqiqatçı Kərbəlayı İsmayılın daxili nitqinə daha çox diqqət yetirmiş, onun düşüncələrini tarixi konkretliyi ilə təhlilə cəlb etmiş, bu düşüncələrin tarixi həqiqətə, eyni zamanda, F.Kərimzadənin mövqeyinə uyğunluğunu önə çəkmişdir.
Abbasqulu bəylə Kərbəlayi İsmayıl zidd qütblərdə dayansalar da, müəllif nəzərləri qeyrətli, namuslu, daim şərəf və ləyaqətilə yaşamış iki azərbaycanlı kişisinə yönəldir; qəhrəmanları ayıran cəhətlərlə bərabər, birləşdirən cəhətləri də üzə çıxarmağın əsərin bədii məramını açmaq üçün daha effektiv olmasına yönəldir: "Kərbəlayının və Abbasqulu bəyin timsalında Sovet hökümətinin gəlişi ilə yolları ayrılan iki milli insanın taleyi əks etdirilmişdir. Dəyişən zamanın təsirilə Kərbəlayı İsmayılın Abbasqulu bəy xarakterindən və mənəviyyatından uzaqlaşıb Qəmlolaşması prosesi və nəhayət, özündə güc tapıb Abbasqulu bəy mənəviyyatı ilə yenidən qovuşması psixoloji cəhətdən son dərəcə gərgin situasiyaların təsviri fonunda gerçəkləşir". Əslində, müəllifin bu tezisi sovet hökumətinin qanlı siyasətinin təsirilə özündən uzaqlaşan xalqın yenidən özünə qayıtması, milli varlığının tarixi xarakterilə müstəmləkəçi rejimə müqavimət gücünü simvollaşdırmasını nəzərdə tutur.
Bəzi tənqidçilər fikir yürüdərkən qəhrəmanların təbiətinə nüfuzdan çox, sosial problematikanın ideoloji şərhinə üstünlük vermiş, məsələlərə bütövlükdə obyektiv yanaşmağa çətinlik çəkmiş, yazıçının əsl həqiqətdə demək istədiklərindən uzaq düşmüşlər. Bu isə monoqrafiya müəllifinin "Qarlı aşırım"ın ədəbiyyatşünaslıq təfsirlərinə tənqidi münasibətini qaçılmaz etmişdir.
Doğrudur, süjetin inkişaf xətti boyu Kərbəlayı İsmayılın getdikcə qaniçən Qəmlodan asılı vəziyyətə düşməsinə də, Abbasqulu bəyin ölümünə "qol çəkməsi"nə də göz yummaq olmaz.Amma bütün bunların səbəbi on ildə Kərbəlayı İsmayıla və onun kimi neçə-neçə bəyə qan udduran, onların şərəf və ləyaqətini heçə sayan, qardaşı qardaşa düşmən edib onların qanını bir-birinə tökdürən şura hökumətinin yanlış siyasətidir. Bir zəhmli baxışı ilə Qəmlo kimi qaniçənin ürəyinə vəlvələ salan bəyin şərəf və ləyaqəti ilə oynamağın nə qədər ağır olduğunu anlamaq o qədər də çətin deyil. Tədqiqatçı məsələlərə məhz bu prizmadan şərh verir.
Abbasqulu bəyin ölümündə günahkar olması fikri Kərbəlayı İsmayıla sonsuz dərəcədə vicdan əzabı verir, bütün olanlardan ibrət dərsi götürməyə sövq edir. Nəticədə Abbasqulu bəyin yeni hökümətə qarşı barışıq mövqeyi tutmasının səbəblərini dərk etməsinə yardımçı olur.
Bəlkə də çoxlarının əhəmiyyət vermədiyi bir məsələyə də T.Salamoğlu xeyli həssaslıqla yanaşmışdır. Bu, İmanın ölüm ayağında Kərbəlayı İsmayılla baş tutan dialoqudur. Monoqrafiya müəllifi ona görə bu dialoqun üzərində təfsilatlı şəkildə dayanır ki, Kərbəlayı İsmayılın nə qədər namuslu həyat tərzi keçirdiyini sübut etsin. T.Salamoğlu Kərbəlayı İsmayılın həyat yolunu milli varlığın tarixi xarakteri və taleyi kimi təqdim edir. Monoqrafiyada oxuyuruq: "Milli xarakter mənsub olduğu milləti simvollaşdırır, buna görə də obrazı milli xarakter kimi təqdim edib, onun ölümə məhkumluğundan danışmaq, mahiyyət etibarilə həmin hökmü milli taleyə şamil etmək deməkdir. Kərbəlayı İsmayıl ölümə məhkumluğun yox, ölümə məhkum edilmənin aqibətini yaşayır". Bu fikir bəzi tədqiqatçıların mövqeyinə cavab olaraq səslənir, onun monoqrafiya boyunca müdafiə etdiyi fikirlərinə öz möhürünü vurur.
Görkəli alimimiz Yaşar Qarayev yazırdı: "Məsələn, "Dəli Kür" kimi nəsr əsərini dərindən açan, "Dəli Kür"ü tənqiddə yenidən yaradan, onun həmhüquq tənqid obrazı olan məqaləmiz hələ yoxdur". Bu fikri azca iqtibas etsək, deyə bilərik ki, "Qarlı aşırım"dan keçən yollar" monoqrafiyası "Qarlı aşırım" romanının tənqiddə yenidən yaranan, onun həmhuquq tənqid obrazı olan mükəmməl tədqiqatdır.
Məhrux DÖVLƏTZADƏ
Sabunçu rayonu 113 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi