Qətərlə Səudiyyə Ərəbistanı arasında böhran daha da dərinləşir.
Ər-Riyadın ardınca Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv və Mavriki Qətərlə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qərar qəbul edib. Bu dövlətlər Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edir.
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin əs-Sani ölkəsinin ekstremizmi maliyyələşdirməsinə dair ittihamları rədd edib. Bu barədə nazir CNN telekanalına müsahibəsində qeyd edib ki, Qətər terrorun maliyyələşdirilməsi ilə mübarizə aparır və dünyanı potensial terrorçulardan qoruyur.
Xarici işlər naziri müxtəlif ekstremist qruplaşmalarını dəstəkləməsinə dair xəbərlərdə ziddiyyətlərin olduğunu qeyd edib: "Həmin bəyanat ziddiyyətlərlə doludur. Guya biz bir tərəfdən İranı, digər tərəfdən isə Suriyadakı anti-hökumət qruplaşmalarını, Yəməndə "Müsəlman qardaşlar"ı və husiləri dəstəkləyirik".
Rəsmi Doha Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, onunla diplomatik əlaqələri kəsən bəzi ərəb ölkələrinə ismarıc göndərib. Məhəmməd bin Əbdürrəhman bin əs-Sani körfəzdəki qonşularından intiqam almayacaqlarını açıqlayıb.
Əs-Sani məsələlərin dialoq yoluyla həll edilməsinin lazım gəldiyini söyləyib.
Rəsmi Doha ilə diplomatik əlaqələri kəsən dövlətlər Qətər təyyarələrinə hava məkanını bağlayıb. Nəticədə Qətərdən havaya qalxaraq qərb istiqamətində hərəkət edən təyyarələrin qonşu ölkələrin ətrafından dövr etməsi lazım gələcək. Bu səbəbdən Somali hava məkanından istifadə edən Qətər təyyarələrinin sayında böyük bir artımın müşahidə edildiyi bildirilir. Qətərin paytaxtı Dohada yerləşən və bu regionun ən böyük hava limanı sayılan Hamad Beynəlxalq Hava Limanının və Qətər Hava Yollarının bu qadağadan ziyan görəcəyi gözlənilir.
Eyni zamanda, körfəz ölkələri Dohaya qarşı iqtisadi sanksiyalar həyata keçirməyə başlayıb. Qətər gündəlik tələbat mallarının, ilk növbədə, ərzağın təxminən 70 faizini idxal edir. Bu malların əksəriyyəti qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Onlar Qətərə ət, süd məhsulları və tərəvəz ixracına görə birinci yeri tuturlar.
Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt vermişdi. APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əkbər əl en" nəşri məlumat yayıb. Şərtlərin sırasında İranla diplomatik əlaqələrin dərhal kəsilməsi, "Müsəlman qardaşları" və HƏMAS hərəkatlarının üzvlərinin ölkədən çıxarılması, onların bank hesablarının dondurulması və bu qruplaşmalarla heç bir əlaqə qurulmaması yer alıb. Bundan başqa, Səudiyyə Ərəbistanı Qətərdən "Əl Cəzirə" peyk telekanalının siyasətini və rəhbərliyini dərhal dəyişməyi tələb edib. Ər Riyad tələb edir ki, kanalın yayımı körfəz ölkələrinin və ərəb dünyasının maraqlarına zidd olmamalıdır.
Bir sıra dünya liderləri də Körfəz ölkələri arasında yaranan bu gərginliklə bağlı öz mövqelərini açıqlayıb, bəziləri isə hərəkətə keçərək məsələnin həll olunması istiqamətində addımlar atmağa başlayıblar.
ABŞ prezidenti Donadl Tramp qeyd edib ki, o, Yaxın Şərqə səfər zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd edib, bütün ölkələr isə Qətəri işarə etdi. Bu, ABŞ prezidentinin məsələyə ilk reaksiya olub.
Daha sonra ABŞ prezidenti Donald Tramp
və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud arasında telefon danışığı olub. Söhbət zamanı D.Tramp körfəz ölkələrinin birliyinin vacibliyini qeyd edib.
"ABŞ prezidentinin çağırışı ondan ibarət olub ki, ekstremist ideologiya və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün regionda birliyin təmin olunması zəruridir. Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Fars körfəzi ölkələri arasında birlik olmalıdır", - deyə Ağ Ev nümayəndəsi bildirib.
Rusiya prezidenti Vladimir Putin isə Qətər əmiri Şeyx Təmimlə telefon danışığı aparıb. V.Putin telefon danışığı zamanı böhranlı vəziyyətlərin dialoq yolu ilə siyasi-diplomatik vasitələrlə nizamlanmasının vacibliyinə dair Moskvanın prinsipial mövqeyini təsdiqləyib. Həmçinin, beynəlxalq problemlər, habelə iqtisadi-ticarət və sərmayə sahələrində Rusiya-Qətər əməkdaşlığı müzakirə olunub, ikitərəfli hökumətlərarası komissiyanın aprel toplantısının yekunları yüksək qiymətləndirilib.
Bundan əvvəl Küveyt əmirinin Qətər və qonşuları arasında münaqişəni nizamlamaq məqsədi ilə vasitəçi qismində Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilib.
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan isə baş verən son hadisələrdən sonra müxtəlif liderlərlə bir sıra telefon danışıqları aparıb.
Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani ilə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı kralı Səlman bin Abduləziz əL-Səud və Küveyt əmiri şeyx Sabah əl-Əhməd əs-Sabah ilə telefon danışığında onları bölgədəki gərginliyi azaltmağa çağırıb.
Türkiyə prezidenti vurğulayıb ki, Ankara Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcək, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi problemin həllinə gətirib çıxarmayacaq: "Biz Qətərə qarşı sanksiyaların tətbiq edilməsini düzgün qərar hesab etmirik. Həmrəylik və əməkdaşlığa böyük ehtiyac olduğu bir dövrdə belə vəziyyət heç kimə fayda gətirməyəcək. Qətərin soyuqqanlığını təqdir edirik. Biz gələcəkdə də Qətərlə münasibətləri inkişaf etdirməkdə davam edəcəyik".
Ərdoğan Qətər ətrafında yaranmış vəziyyətin dialoq yolu ilə nizamlanması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.
Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, gərginləşən Səudiyyə Ərəbistanı-Qətər münasibətlərində iki sual aktualdır: "Birinci sual: Vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin. Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridir və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərginləşməsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə "İslam,-Ərəb-Amerika" sammiti keçirdi. Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı. Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi.
İkinci sual: İran bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşdirilməsinə, Qətəri daha çox öz tərəfinə çəkməyə çalışacaqmı? Əgər Tehranda bu alınsa, Qətər Suriyadan sonra ikinci ərəb ölkəsi olacaq ki, İranla müttəfiq olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, zəruri ərzaq göndərəcəyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdirdiyi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu, Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən Əl-Qaida, DAİŞ, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək, İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq".
Milli Məclisin deputatı Sahib Alıyev isə qeyd edib ki, bəzi ekspertlər Səudiyyə Ərəbistanıyla Qətər arasında baş qaldıran ziddiyyətlərin İranın marağına xidmət etdiyi və ABŞ-ın regionda mövqelərini zəiflədə biləcəyi düşüncəsindədirlər: "Yanlış yanaşmadır. Unutmayın ki, Qətər deyəndə göz önünə ilk olaraq Birləşmiş Ştatların Əl-Udeyddəki hərbi bazası gəlir. Yaxın Şərqdə 11 min nəfərlik heyəti olan və 17 ölkənin hava marşrutlarını nəzarətdə saxlayan ən böyük hərbi bazanı Amerika boşuna Qətərdə yerləşdirməyib. Sözügedən baza oraya 2003-cü ildə məhz Səudiyyə Ərəbistanından köçürülüb ki, bununla da rəsmi Vaşinqton bölgədə kimi özünə daha yaxın müttəfiq saydığını ortaya qoyub. Ona görə də başda Səudiyyə Ərəbistanı olmaqla, bir neçə ərəb dövlətinin Qətəri baykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq. Əmin ola bilərsiniz ki, bu qarşıdurma prosesi də Amerikanın nəzarəti altındadır və elə həm də maraqları çərçivəsindədir".
S.Alıyev hesab edir ki, ərəblər arasında ziddiyyətlərin qızışmasının kökündə indi də təriqət fərqliliyi durur: "Bəli, məzhəb də deyil, təriqət. Demək, müsəlmanların məzhəb fərqliliyinə görə 2 yerə parçalanması azlıq edir. Təriqətçiliyə dayanaraq 73 yerə parçalanmalıdırlar. Heç maşallah olmasın".
Deputat qeyd edib ki, Misir prezidenti Məhəmməd Mursi devrilərkən baş verən hakimiyyət dəyişikliyinə Səudiyyə Ərabistanıyla Qətərin fərqli yanaşması və Misirlə regionun başqa bir böyük dövləti arasında ziddiyyətlərin yaranması da elə bundan qaynaqlanırdı: "Bir sözlə, Yaxın Şərq ölkələri məzhəb ayrılığından, indi də təriqət fərqliliyi çəkişmələrinə baş vurublar və bu da qərbdəki bəlli çevrələrin heç də maraqlarının əleyhinə yönəlməyib. Əksinə, elə onların maraqlarına xidmət edir. İranın Qətəri guya öz qanadları altına almağına gəldikdə isə Qətər çoxdan qanad altındadır. Özü də daha böyük və güclü bir qanad altında. Rəsmi Tehran da bunun yaxşı fərqindədir. Sadəcə, Qətərə dəstək bəyanatları verməklə məzhəb davası apardığı Səudiyyəni qıcıqlandırmağa çalışır".
Ceyhun ABASOV