Dünən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Qax rayonunda Dövlət Miqrasiya Xidməti "İnsan hüquqları aylığı" çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirib.
Dövlət xidmətindən verilən məlumata görə, görüşdə "Miqrantların hüquqları insan hüquqları kontekstində" və "Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər və leqallaşma istiqamətində görülən işlər" mövzularında məruzələr təqdim olunub.
Bildirilib ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biri, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalanıb və dövlət başçısının 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib.
Vurğulanıb ki, dünyada dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə, Azərbaycandakı multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir.
Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülür, vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir.
Əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda keçirilmiş tədbirdə iştirak edən ictimaiyyət nümayəndələrini maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları tərəfindən cavablandırılıb.
Həmin gün Şəki regional miqrasiya idarəsindən nisbətən uzaqda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq, xidmət göstərilən kontingentin məmnunluğunu təmin etmək üçün Qaxda səyyar xidmət təşkil edilib.
Səyyar xidmətin imkanlarından 19 şəxs istifadə edib. Onlardan 12 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 3 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 4 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən, iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hər il qeyd olunan 18 iyun "İnsan Hüquqları Günü" münasibəti ilə mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Dövlət Miqrasiya Xidməti rəisinin təsdiq etdiyi "Tədbirlər planı"na əsasən Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilir.
Ceyhun ABASOV