İki qız, bir oğlan - Gözəl, Günəş və Emil gənc ailənin, 22 yaşlı Pərvanə Behbudzadə və 27 yaşlı İslam İsgəndərovun əgər belə demək düzgündürsə, ilk üç övladlarıdır.
Üçəmlər mayın 14-də paytaxtın tibb ocaqlarından birində dünyaya göz açıblar. Doğularkən körpələr çox zəif olduğundan onların iki aya kimi xəstəxanada, ciddi həkim nəzarəti altında qalması zəruri bilinib. İndi artıq bütün təhlükələr sovuşduğundan iki ay yarımlıq balaca vətəndaşlarımız ilk dəfə necə deyərlər, publikaya çıxmağa qərar veriblər. Körpələrin gənc valideynləri ilk övlad payının bu cür "het-trik" sürprizindən bir qədər özlərini itirsələr də, hədsiz xöşbəxtdirlər. Xüsusən ona görə ki, körpələrin həyatı ilə bağlı bütün həyəcanlı anlar artıq arxada qalıb.
Amma övladdan da şirin olan və birdən-birə "göydən zənbillə endirilən" üç nemətin şükranlığını əlbəttə, baba və nənə müdrikliyi daha yaxşı anlayır.
"Allah özünün xöşbəxt bir günündə bizə üçqat sevinc yaşamağı nəsib etdi. Bu üç balanın sağlam həyatı, layiqli vətəndaşlar kimi böyüməsində əlimizdən gələni əsirgəməyəcəyik" - deyə, üçəmləri əllərindən yerə qoymayan baba Eyyub Namazov və nənə Ülviyyə Qarayeva sevinclərini bölüşürlər.
Gənc atanın işi qərb bölgəsi ilə bağlı olduğundan goranboylu gənc ailə Qazax şəhərində kiçik bir mənzildə kirayədə qalır. Onlar, eləcə də körpələrin nənə və babaları təvazökar insanlar olduqlarından üçəm əkizlərin dünyaya gəlməsi ilə bağlı hansısa qurumlara mümkün yardım haqda belə müraciət etməyiblər. Amma biz güman edirik ki, əlaqədar təşkilatlar Azərbaycanımıza birdən-birə üç vətəndaş bəxş etmiş ailənin qayğılarına həssaslıq nümayiş etdirərlər.
Zakir MURADOV
Goranboy-Qazax