Azərbaycan dövləti əhalinin rifah halının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə ölkədə çoxsaylı dövlət proqramları qəbul olunub, bunların əsasında böyük layihələr icra edilib.
Açıqlanan rəqəmlərə görə, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb. Ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1.5 milyondan artıq yeni iş yeri açılıb. Dövr ərzində 3 mindən çox məktəb, 6 yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib.
Bütün bunlarla yanaşı, ölkə əhalisinin bütün kommunal problemləri həll edilib. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin, regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, bununla da əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. 4 su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.
Eyni zamanda, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Habelə, Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb. Sosial tədbirlər çərçivəsində məcburi köçkünlərin mənzil-məişət problemləri də həll edilməkdir. Bu mənada, qayğıya ehtiyacı olan bu təbəqə üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.
Bu illər ərzində əhalinin maaş, pensiya təminatının yaxşıılaşdırılması istiqamətində də addımlar atılıb. Bundan əlavə, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.
Eyni zamanda, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər və media işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.
Azərbaycanda aparılan quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov "525"ə bildirib ki, post-neft dövründə sosial siyasət proqramları yeni dövrün çağırış və prioritetlərinə uyğun həyata keçirilir: "Dünya bazarında neft qiymətlərinin kəskin aşağı düşməsi ölkəmizə daxil olan xarici valyuta həcminin təxminən 2,5 dəfə azalmasına səbəb olub. Buna rəğmən dövlət büdcəsində sosial ayırmalarda ixtisarlar həyata keçirilməyib. Praktiki olaraq, post-neft dövründə Azərbaycan hökuməti sosial proqramları maliyyələşdirməyə davam edir. Eyni zamanda, diqqətçəkən digər məqam sosial siyasətdə yeni proqramların icrası ilə bağlıdır. Bu dövrdə əvvəlki sosial layihələrlə yanaşı, yeni proqramlar da həyata keçirilməyə başlayıb. Bunlardan biri də Sosial Mənzil Fondunun formalaşdırılması və sosial evlərin inşası ilə bağlıdır".
V.Bayramov qeyd edib ki, prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən bu layihə vətəndaşlarımızın mənzilə olan ehtiyacının qarşılanması məqsədi daşıyır: "Bu layihə çərçivəsində təxminən iki min mənzilin aztəminatlı ailələrə təklif edilməsi nəzərdə tutulub. Bununla bərabər, sözügedən strategiyaya uyğun olaraq hər il "Sosial mənzil" proqramı çərçivəsində üç min mənzil aztəminatlı ailələrə təklif ediləcək. Bu o deməkdir ki, növbəti beş il ərzində təxminən, 14 min sosial mənzil vətəndaşların ixtiyarına veriləcək. Bu da təbii ki, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması və mənzil probleminin həlli baxımından vacib addımdır".
İqtisadçi alimin sözlərinə görə, sosial mənzillər vətəndaşlara bazar qiymətindən ucuz təklif olunacaq: "1 otaqlı mənzillər üçün 150 manat, 2 otaqlı mənzillər üçün 180 manat, 3 otaqlı mənzillər üçün 250 manat aylıq ödəniş tələb olunacaq. Bu, bazar qiymətlərindən xeyli aşağıdır. Həmçinin, mənzillər təmirli olacaq və mətbəx mebeli ilə təmin ediləcək. Bütün bunlar vətəndaşları əlavə xərclərdən azad edəcək".
Mərkəz sədri bildirib ki, "Sosial mənzil" layihəsi həm Bakıda, həm də bölgələrdə icra olunacaq: "Yasamalda inşa edilən sosial şəhərcikdən sonra Hövsanda üç min mənzilli sosial şəhərcik salınacaq. Eyni zamanda, Gəncə şəhərində sosial mənzillərin tikintisi nəzərdə tutulub. Burada məqsəd təkcə Bakıda deyil, bölgələrdə də aztəminatlı vətəndaşların mənzil-məişət problemlərinin həll edilməsidir. Artıq bu istiqamətdə nəzərdə tutulan yüz milyon manat vəsait dövlət büdcəsindən ayrılıb. Layihə tam olaraq büdcə vəsaitələri hesabına maliyyələşdiriləcək. Dövlət Sosial Mənzil Fondunun formalaşmasında birbaşa maliyyə vəsaiti ayıran tərəf olacaq. Bu o deməkdir ki, "Sosial mənzil" layihəsi birbaşa dövlət tərəfindən dəstəklənən və maliyyələşən layihədir".
V.Bayramov qeyd edib ki, əhalinin mənzil probleminin həllinə yönələn sosial ipoteka və adi ipoteka üçün də vəsaitlərin ayrılması prosesi davam edir: "Həm büdcədən sosial ipotekanın verilməsi üçün 50 milyon manat vəsaitin ayrılması həyata keçirilib, həm də adi ipoteka üçün il ərzində, təxminən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bütün bunlar ölkədə vətəndaşların mənzil problemlərinin həlli və yaxşılaşdırılması baxımından mühüm tədbirlərdir".
Ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində həyata keçirilən işlərə toxunan iqtisadçı alim bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi əsas məqsədlərdən birir: "Post-neft dövründə də dövlət üçün bu problemin həlli prioritet xarakterlidir. Bu məsələnin tam həllini tapması üçün həm dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, həm də aqrar sektorda yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilir. Aqrar sektorun dəstəklənməsi, bu sahəyə subsidiyaların ayrılması məşğulluq probleminin həlli baxımından vacibdir. Bu baxımdan məşğulluq dövlətin siyasətində prioritet istiqamət olaraq qalmaqdadır. Ona görə də, bu yöndə ciddi addımlar atılır, çox fərqli metodlardan - subsidiya, investisiyanın təşviq edilməsi kimi dəstək üsullarından istifadə edilməklə yeni iş yerlərinin yaradılmasına çalışılır. Bu da ilk növbədə özünü aqrar və sənaye sektorunda göstərir. Çünki bu sektor dövlət maliyyə yardımları ilə yanaşı özəl sektorun ayırmaları hesabına yeni iş yerlərinin yaradılmasını nəzərdə tutur".
Politoloq Ramiz Alıyev isə qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin ən başlıca istiqamətlərindən biri əhalinin sosial rifahının yüksəldilməsidir: "Dövlət başçısı öz çıxışlarında dəfərlə bildirib ki, apardığı siyasətin başlıca istiqaməti xalqa xidmət etməkdir. Ölkə başçısı xalqın sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunacağını bəyan edib".
R.Alıyev sözlərinə görə, prezidentin əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı sərəncam və fərmanların nəticəsində əhalinin ehtiyac içində olan hissəsi dövlətin diqqət və qayğısını üzərində hiss edir: "Dünyada baş verən iqtisadi böhran bütün dövlətlər kimi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Ancaq dövlətin həyata keçirdiyi sosial yönümlü layihələr nəticəsində ölkə əhalisinə bu böhranın böyük bir təsiri olmayıb".
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosial yönümlü iqtisadi inkişaf strategiyasının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dövrün reallıqları nəzərə alınmaqla uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizdə istənilən sahədə inkişaf nəzərə çarpır: "Məhz bu inkişafın nəticəsidir ki, gənclər üçün xüsusi şərait yaradılır və eyni zamanda, ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atılır".
M.Seyidov bildirib ki, prezident İlham Əliyev xalqın rifahını hər zaman əsas tutub: "Uğurla həyata keçirilən sosial dövlət siyasətində statistik göstəricilərə əsasən onu demək olar ki, yoxsulluğun ümumi göstəricisi aşağı düşüb. Dövlət başçısının həyata keçirdiyi islahatlar nəticəsidir ki, bu gün yetişməkdə olan gənc nəsil artıq özündən əvvəlki nəslin yaşadığı çətinliklərlə üzləşmir. Ölkə prezidenti ailələri evlə təmin edir, yardım fondları vasitəsilə vətəndaşlara dəstək göstərilir. Hər il əmək haqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılması buna sübutdur. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır".
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllini böyük diqqət ayrıldığını deyən "İrəli" sədri söyləyib ki, indiyədək bu məqsədlə Azərbaycanda 100-dək qəsəbə inşa edilib və mənzillər məcburi köçkünlərin ixtiyarına verilib: "Eyni zamanda, sosial siyasət çərçivəsində ölkədə səhiyyə xidmətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Bu istiqamətdə atılan addımlardan biri də icbari tibbi sığortanın tətbiqidir ki, bu da Azərbaycanda əhaliyə səhiyyə sahəsində xidmətin yaxşılaşdırılmasına ciddi təsir göstərir".
M.Seyidovun sözlərinə görə, ölkə prezident İlham Əliyev dəfərlərlə bildirib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Son illər ərzində ölkəmizdə həyata keçirilən fəaliyyətin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır: "Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan ciddi uğurlara imza atır, genişmiqyaslı beynəlxalq layihələr həyata keçirir. Ümumilikdə onu qeyd etmək olar ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilir, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır".
Ceyhun ABASOV