Bolqarıstanın paytaxtı Sofiyada “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans təşkil olunub.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən verilən məlumata görə, konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Mədəniyyət Nazirliyinin himayəsi altında Bolqarıstanın “199” Mədəniyyət Fondu ilə tərəfdaşlıq çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova muzeylərin xalqımızın maddi və mənəvi xəzinəsini təmsil etdiyini, ölkəmizin yaxın və uzaq keçmişini canlı şəkildə təsvir etdiyini bildirib. Ölkəmizdə 250-dən çox dövlət və özəl muzeylərin olduğunu vurğulayan səfir Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, Qala Açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey, dünyada ilk olan Azərbaycan Xalça Muzeyi, “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Miniatür Kitablar Muzeyi və digərlərinin adlarını çəkib.
Mədəni turizmin əsas qolları kimi, muzey və qalereyaların ölkənin turistik imicinin yaradılmasında əvəzedilməz rolu olduğunu söyləyən N.Qurbanova mədəni turizmin qlobal turizmin 40 faizini təşkil etdiyini vurğulayıb. O, UNESKO-nun statistikasına əsasən, bütün dünyada muzeylərin sayında 1975-ci ildən indiyədək 22 000-dən 55 000-dək artım müşahidə olunduğu barədə məlumat verib.
Konfrans iştirakçılarına Azərbaycan Xalça və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyləri barədə qısa məlumat verən səfir 1967-ci ildə yaradılan Xalça Muzeyinin dünyada ilk xalça muzeyi olduğunu, xalçaçılıq sənətinin Azərbaycanda qədim tarixə və güclü ənənələrə malik olduğunu, dünyaca məşhur Azərbaycan xalçalarının 2010-cu ildə UNESKO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirib.
Eyni zamanda bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyasına 55 mindən artıq eksponatın daxil edildiyini, musiqimizin milli identikliyin vacib elementi olduğunu əlavə edib. Səfir Azərbaycan musiqi mədəniyyətinin 3 elementinin – muğam, aşıq sənəti və tar və onun ifaçılıq sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil
edildiyi barədə məlumat verib. N.Qurbanova, həmçinin, Azərbaycan musiqisinin incisi olan muğamın balaban ifasında qızıl diskə yazılmış parçasının “Voyager” kosmik gəmisinin göyərtəsində fəzaya göndərilməsi barədə danışıb.
Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri T.Stoyçev muzeylər mövzusunda konfransın təşkilinin təqdirəlayiq hal olduğunu söyləyib. O qeyd edib ki, Avropanın birləşməsi iqtisadi sahədən başlasa da, olduqca vacib olan mədəniyyət sahəsi bu prosesə böyük töhfə verib və Avropanın mühərrikinə çevrilib. Mədəni müxtəlifliyin insanları daha da yaxınlaşdırdığını, onları bir araya gətirdiyini deyən T.Stoyçev belə tədbirlərin rolunu yüksək qiymətləndirir və bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Bolqarıstanın Mədəniyyət Nazirliyinin Beynəlxalq və regional fəaliyyətlər Direktorluğunun direktoru Ventsislav Velev mədəniyyət naziri Boil Banovun tədbir iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə cari ildə Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlər qurulmasının 25-ci ildönümünün qeyd edildiyi, ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyi, mədəniyyət sahəsinin ikitərəfli əməkdaşlıqda vacib element olduğu və mədəni dialoqun uğurla davam etdirildiyi qeyd olunub.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbərlik etdiyi muzeyin tarixi barədə məlumat verərək muzeyin dünyada xalçaçılıq sahəsində ilk ixtisaslaşmış muzey olduğunu bildirib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova rəhbərlik etdiyi muzeyin yaradılması, tarixi, keçdiyi inkişaf yolu barədə məruzə ilə çıxış edib. Muzeyin məqsəd və vəzifələri barədə danışan direktor muzeyin zəngin kolleksiyaya malik olduğunu qeyd edib və muzeyin eksponatları barədə məlumat verib.
Ceyhun ABASOV