Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələri özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.
Respublikamızda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir çox tədbirlər, sərgilər keçirilir. Belə sərgilərdən biri də dekorativ-tətbiqi sənət növləri üzrədir. Bu sərgilər istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması məqsədilə keçirilir. Bu gün haqqında söz açdığım Gülşən Abbasova dekorativ-tətbiqi sənət nümunələri üzrə bir çox sərgi və müsabiqələrdə iştirak edərək, dəfələrlə diplom və Fəxri Fərmanlara layiq görülub.
Rəngarəng bəzəklər, mirvarilər, güllər və taxıldan hazırlanmış sənət əsərləri, muncuqdan toxunmuş xalçalar... Bütün bunlar Gülşən xanımın təkrarsız əl işləridir və onlar özünəməxsusluğu, incəliyi ilə seçilir. Bəzən istifadə edilməyən, lazımsız hesab olunan əşyalar Gülşən Abbasovanın əllərində gözəl bir tabloya, rəsm əsərinə çevrilir. Onun əsərlərinin hər biri öz mənasına görə bir-birindən fərqlənir. Kompozisiyaların hər birində təbiətə, çiçəklərə vurğunluq görünür. "Günəbaxanlar", "Ağ qızıl", "Dənizin dibində", "Sarı sünbüllər", "Səhləb çiçəyi" kompozisiyalarında bu, daha aydın hiss olunur.
G.Abbasova bu il Beynəlxalq Sülh Gününə həsr edilən "Milliliyimizi qoruyaq", Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş "Vətən buradan başlayır", Müstəqillik günü ilə bağlı "Kitablarin insan həyatında rolu" və başqa bir sıra sərgi-tədbirlərdə iştirak edərək fəxri fərman və diplomlara layiq görülüb. O, eyni zamanda, sərgilərdə iştirak etməklə yanaşı, həm də bir sıra sərgilərin təşkilatçısıdır.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 saylı filialının (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) müdiri işləyən G.Abbasova həm yaradıcılıq, həm də nümunəvi təşkilatçı olaraq bu gün də öz işini layiqincə davam etdirir.
Afət ZEYNALOVA