Noyabrın 17-də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Cəmiyyətdən verilən məlumata görə, Q.Hüseynov Cəbrayıl Rayon İcra Hakimiyyəti rəhbərliyinin iştirakı ilə Cocuq Mərcanlıda əhalinin içməli suya təlabatının ödənilməsi məqsədilə yaradılan su təchizatı infrastrukturu ilə tanış olub.
Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə yaradılan "Birləşmiş Sukanal" MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsinin binasına baxış zamanı Q.Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Cocuq Mərcanlıda içməli su probleminin həlli məqsədilə subartezian quyusu qazılıb, yaşayış evlərinə su xətti çəkilib.
Xatırladaq ki, keçən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından sonra 1994-cü ildə uğurlu Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunan Cocuq Mərcanlıda təhlükəsizlik təmin olunub. Bundan sonra prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq qəsəbədə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb. 50 fərdi yaşayış evi, ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, avtomobil yolu çəkilib. Artıq 172 nəfərdən ibarət 45 ailə doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin də tikintisi başa çatıb, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
C.ABASOV