Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Danış ki, səni görüm” layihəsi keçirilir.
“İrəli”dən verilən məlumata görə, dünən Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihənin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov natiqlik sənətinin əhəmiyyətindən danışıb, təlim iştirakçılarının bu sahədə yeni təcrübə əldə edəcəklərini bildirib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, gənclər natiq olmaq istəyirlərsə, mütləq mütaliə ilə məşğul olmalı, bədii ədəbiyyat oxumalıdırlar.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, səlis nitq insanların özlərini düzgün ifadə edə bilmələrinə imkan verir. Ona görə də E.Eyvazlı gənclərə yaradılan bu fürsətdən səmərəli istifadə etməyi tövsiyyə edib.
“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev isə qeyd edib ki, indiki gənclərin şəraiti olduqca yaxşıdır və onlar bu imkanlardan maksimum yararlanmalıdırlar.
Sonda çıxış edən layihə rəhbəri, “İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova bildirib ki, təlimlərin keçirilməsində əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq qabiliyyətlərinin inkişaf etdirilməsidir.
Qeyd edək ki, 3 gün peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçiriləcək, onlara natiqlik sənətinin incəlikləri öyrədiləcək.
C.ABASOV