|
|
|
|
Rusiyanın ən böyük enerji layihəsi "Şimal axını-2"nin reallaşması ciddi maneələrlə üzləşib. Layihənin əleyhinə çağırışlar edən Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Avropa dövlətlərini "Şimal axını-2"nin qarşısını almaq üçün qanun hazırlamağa səsləyib.
Qeyd edək ki, Rusiya üçün çox əhəmiyyətli olan bu layihə 2019-cu ildə istifadəyə verilərək Moskva qazını Baltik dənizindən çəkiləcək kəmər vasitəsilə Almaniya üzərindən Avropaya çıxarmağı nəzərdə tuturdu. Rusiya ilə Avropa münasibətlərinin gərginləşməsi, həmçinin, "Şimal axını-2"yə qarşı müqavimət hərəkatının tədricən güclənməsi bu layihənin baş tutma ehtimalını günü-gündən azaldır.
Bu hadisələrin fonunda "mavi yanacaq" enerji daşıyıcılarından biri olan Azərbaycana Avropanın marağı artır. Belə ki, növbəti ildə başa çatması gözlənilən və dünyanın ən böyük enerji layihələrindən olan TAP və TANAP layihəsi ilə "Şahdəniz-2" yatağından çıxarılan qaz Türkiyə və Avropaya nəql ediləcək.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, "Şimal Axını-2" layihəsinə qarşı səslənən fikirlər əsasən siyasi xarakter daşıyır: "Avropa komissiyası bu layihə ilə bağlı bildirib ki, Rusiyanın belə bir boru tikməsinə ehtiyac yoxdur, çünki hazırda Avropa ölkələrinin qaz tələbatı yüksək deyil. Əslində isə bütün etirazlar 2014-cü ildən sonra Ukrayna ətrafında yaranmış hadisələrlə bağlıdır. Bu layihənin baş tutması Kiyevin tranzit ölkə kimi əhəmiyyətini itirməsinə gətirib çıxara bilər".
Mərkəz rəhbəri bildirib ki, Azərbaycanın boru infrastrukturları Avropa ölkələrinə açıqdır: "Rəsmi Bakı hər zaman bildirib ki, ölkədə gerçəkləşən qaz layihələri yalnız Azərbaycanın mavi yanacaq ehtiyaclarını ödəmək üçün inşa edilməyib. Bununla yanaşı, ölkənin boru infrastrukturları digər ölkələrin nəqletmə sistemlərindən fərqli olaraq üçüncü tərəflər üçün də açıqdır". Onun fikrincə, Azərbaycanın öz tranzit imkanlarını genişləndirməsi üçün uzunmüddətli bir müqavilə olmalıdır: "TAP və TANAP layihələri vasitəsilə Avropaya qaz ixrac etmək üçün 2013-cü ildə müqavilə imzalanıb. Bu sazişə görə, 2020-ci ildə başlayaraq 25 il müddətində Bakıdan 10 milyard kubmetr qaz alınacaq. Bu layihəni genişləndirmək üçün yeni müqavilə mövcud deyil, ancaq mümkündür. Azərbaycan uzunmüddətli müqavilə əsasında özünün tranzit imkanlarını genişləndirə bilər. Bunu 2023-cü ildə həyata keçirmək mümkündür. Unutmaq olmaz ki, TAP və TANAP Avropa üçün hər zaman vacib və aktual bir layihədir".
İ.Şaban onu da vurğulayıb ki, Azərbaycan təbii resursları ilə hər zaman Avropa ölkələrinin diqqətində olub: "Avropa rəsmiləri Azərbaycanın qaz resurslarından istifadə edəcəklərini dəfələrlə bildiriblər. TAP, TANAP və " Şahdəniz-2" kimi layihələri bu günün gerçəkliyinə çevrilərək beynəlxalq aləmin marağında olan bir projedir. Bu enerji layihələri təbii ki, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinə müsbət təsir göstərir".
Zeynəb ƏKBƏR