Bir qayda olaraq, Almaniyada Bundestaq seçkilərindən sonra qalib partiyalar hökumət koalisiyasının qurulması ilə bağlı danışıqlara başlamaq üçün ilkin olaraq "kəşfiyyat danışıqlarını” həyata keçirirlər.
Bu məqsədlə, 24 sentyabr 2017-ci ildə keçirilən 19-cu Bundestaq seçkiləri nəticəsində parlamentə seçilən İttifaq Partiyaları (CDU/CSU, 32,9 %), Azad Demokratlar Partiyası (FDP, 10,7 %) və Yaşıllar Partiyası (90 Alyansı/Yaşıllar, 8,9 %) 18 oktyabrda bu danışıqlara start verdilər. Bir neçə həftə davam edən danışıqlardan sonra ADP 20 noyabrda birtərəfli olaraq danışıqlardan çıxdığını elan etdi. Bununla da, Almaniyada stabil hökumətin qurulması üçün yeganə seçim hesab olunan "Yamayka Koalisiyası” (Yamaykanın bayrağının rəngləri: qara-sarı-yaşıl - CDU/CSU+FDP+Yaşıllar) ilə bağlı danışıqlara son verildi.
Koalisiya qurulması ilə bağlı ilkin danışıqlar çərçivəsində mübahisə doğuran əsas müzakirə mövzuları aşağıdakılar idi: Qaçqınlar və miqrasiya siyasəti, vergi siyasəti, enerji və ətraf mühitin mühafizəsi məsələləri, Avropa siyasəti.
Qaçqınlar və miqrasiya siyasəti ilə bağlı əsas mübahisə məqamları İttifaq Partiyaları və Yaşıllar Partiyası arasında hesab olunurdu. Belə ki, İttifaq Partiyaları, xüsusilə də onun sərt milli-mühafizəkar qolunu təmsil edən Xristian-Sosial İttifaqı (CSU) Almaniyaya illik qaçqın axını üçün 200000-lik maksimal limit tətbiq etmək istəyirdi. Geniş müzakirələrə səbəb olan bu təklif sonda Anqela Merkelin təşəbbüsü ilə İttifaq Partiyaları tərəfindən ilkin kompromis sənədindən çıxarılmışdı. Miqrasiya siyasəti kontekstində Yaşıllar Partiyası Almaniyaya sığınacaq məqsədilə gələn, lakin qaçqın statusu tanınmayan şəxslərin ölkəyə öz ailələrini gətirə bilməsini tələb edirdi. Qeyd edək ki, bu məsələ ilə bağlı Almaniyada 2013-2017-ci illərdə hakimiyyətdə olan Böyük Koalisiya hökuməti (CDU/CSU+SPD) 2018-ci ilin mart ayına qədər qadağa tətbiq etmişdi və hazırda bu qadağanı uzatmaq istəyir. Əlavə olaraq, Yaşıllar və FDP yeni miqrasiya haqqında qanunun qəbul edilməsini və immiqrasiyanın idarə edilməsi üçün Kanadada olduğu kimi xal sisteminin tətbiq edilməsini tələb edirdi.
Danışıqlarda digər əsas müzakirə mövzularından biri vergi siyasəti idi. Bu çərçivədə əsas istinad edilən məsələlərdən biri həmrəylik vergisi idi. Bu vergi növü gəlir vergisinin 5,5 %-ini təşkil edir və əsasən əhalinin gəliri yüksək olan təbəqəsi tərəfindən ödənilir. Həmrəylik vergisi 1991-ci ildə Almaniyanın birləşməsindən sonra Şərqi Almaniyanın yenidən qurulması məqsədilə tətbiq edilməyə başladı. Müqayisə üçün qeyd edək ki, sadəcə bu vergi vasitəsilə 2018-ci ildə Almaniyanın dövlət büdcəsinə 18 milyard dollardan çox gəlir gəlməsi ehtimal olunur. Bu vergi növünün hələ ilk dəfə olaraq tətbiq edilməyə başladığı vaxtdan geniş müzakirə olunmasının əsas səbəblərindən biri o idi ki, həmrəylik vergisindən gələn gəlirlərin böyük bir hissəsi Almaniyanın 1991-ci ildə İkinci Körfəz müharibəsində iştirakı nəticəsində yaranan və təxminən 17 milyard dollar həcmində olan xərcləri qarşılamaq üçün istifadə edilmişdi. Həmrəylik vergisi 1992-ci ildə ləğv edildi və 1995-ci ildən müddətsiz olaraq yenidən tətbiq edilməyə başladı. Bir qayda olaraq azad sahibkarlığın tərəfdarı olan FDP bu vergi növünün 2019-cu ilə qədər tamamilə ləğv edilməsini liberalların qurulacaq hökumət koalisiyasında iştirakı üçün əsas şərt kimi irəli sürmüşdü. Prinsipcə, həm İttifaq Partiyaları, həm də Yaşıllar bu vergi növünün ləğv edilməsinin əleyhinə deyildilər. Belə ki, partiyalar tərəfindən bir neçə gün bundan öncə danışıqların vəziyyətinə dair razılaşdırılan sənəddə həmrəylik vergisinin vaxt məhdudiyyəti olmadan tədricən ləğv ediləcəyi qeyd edilmişdi.
Partiyaların uzlaşmaqda çətinlik çəkdiyi digər bir mövzu enerji və ətraf mühit siyasəti ilə bağlı idi. Bu kontekstdə əsas ziddiyyətlər CSU və Yaşıllar Partiyası arasında idi. Belə ki, Yaşılların partiya proqramında 2030-cu ildən başlayaraq daxili yanma mühərrikli avtomobillərin istifadəsinin dayandırılmalı olduğunu qeyd edilir. CSU isə danışıqlar zamanı özündə belə bir müddəanı əks etdirən koalisiya müqaviləsinə imza atmayacağını bildirmişdi. CDU rəhbəri A. Merkel bu məsələ ilə bağlı CSU və Yaşıllar Partiyalarının mövqeləri arasında orta mövqe tutaraq bu tip avtomobillərin keçid dövrü texnologiyası olması fikrindən çıxış edirdi. Yaşıllar həm də kömürlə çalışan istilik elektrik stansiyalarını bağlamaq və 2030-cu ilə qədər kömürdən asılılığı tam olaraq ləğv etməyi tələb edirdilər. İttifaq Partiyaları isə bunun üçün konkret vaxt məhdudiyyəti qoymaq istəmirdilər. Bir qayda olaraq, sosial yönümlü bazar iqtisadiyyatının tərəfdarı və sağ-mərkəzə meylli olan rəqabətin və azad sahibkarlığın tərəfdarı olan FDP bu məsələdə daha çox İttifaq Partiyalarının mövqeyini dəstəkləyirdi.
Sonuncu müzakirə mövzusu formalaşacaq Federal Hökumətin Avropa siyasəti ilə bağlı idi. Bu mövzuda xüsusilə FDP və onun lideri Kristian Lindner diqqət mərkəzində idi. Belə ki, partiya dairələrindən dəfələrlə Almaniyanın Avropa siyasəti ilə bağlı konkret qərarlar qəbul etməməli və fərqli seçimlər üçün manevr imkanlarını açıq tutması fikri səsləndirilmişdi. Hətta ehtimal olunurdu ki, FDP maliyyə naziri postunu təhvil aldıqdan sonra kompromissiz olaraq avrozona islahatları ilə bağlı danışıqları tərk etsin. Bu səbəbdən partiyanın mövqeyi Aİ-nin aparıcı dövlətləri tərəfindən narahatlıqla qarşılanırdı. FDP həm də Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülən avrozona üçün ümumi büdcə təklifinin qəti əleyhinə çıxış edirdi və bunu Aİ-yə üzv olan digər dövlətlərin büdcə tarazlığının Almaniyanın hesabına təmin ediləcəyi ilə əsaslandırırdı. Belə olan halda aydın idi ki, Liberallarla Fransa və digər Aİ-üzvləri arasında avrozonanın islahatlarının aparılması elə də asan olmayacaq. Bu mənada qeyd etmək olar ki, seçki kampaniyasında Aİ-yə üzv olan ayrı-ayrı dövlətlərin borclarının Birliyin ümumi məsələsi müstəvisinə gətirilməsinin əleyhinə olan FDP, Avropa siyasəti ilə bağlı CSU ilə birlikdə bir xətti, CDU və Yaşıllar partiyasının mövqeyi isə buna əks xətti təmsil edirdi.
FDP-nin danışıqlardan çıxmasının səbəblərinə gəldikdə isə ilk olaraq qeyd etmək lazımdır ki, danışıqlar prosesində həm ümumi mövzularla bağlı yaranan mübahisəli məqamlar, həm də partiyalararası ənənəvi barışmaz ziddiyyətlər göstərmişdi ki, yeni yaranacaq hökumət koalisiyası qarşılıqlı inama əsaslanmayacaq və böyük ehtimalla qeyri-stabil olacaq. Almaniya kimi stabillik faktoru siyasi sisteminin özülünü təşkil edən bir ölkədə son qanunvericilik müddətində (2013-2017) A. Merkelin həyata keçirdiyi siyasətə qarşı edilən tənqidlərin bir hissəsi, təbii olaraq, Böyük Koalisiya (CDU/CSU+SDP) hökumətində tərəfdaş olaraq SDP-yə qarşı edilmişdi. Bu mənada, eynilə yeni qurulacaq hökumətdə Anqela Merkelin müttəfiqi olmaq istəyən partiyalar İttifaq Partiyalarının nüfuzunun zəifləməsinin son nəticədə onların da elektoratının zəifləməsinə gətirib çıxaracağını qabaqcadan bilirdilər. Əlavə olaraq FDP, ideoloji nöqteyi-nəzərdən İttifaq Partiyalarına daha yaxın olması (hər ikisi "mərkəz”-ə aid edilir) səbəbindən onlarla koalisiyaya getməkdə daha ehtiyatlı davranırdı. FDP ətraf mühit və enerji siyasəti ilə bağlı müzakirələrdə birmənalı mövqe bildirməsə də, əslində kömürlə çalışan istilik elektrik stansiyalarının tam olaraq bağlanmasının tərəfdarı deyildi. Maliyyə nazirliyi kimi mühüm posta iddia edən bir partiya üçün bu, yenilənə bilən enerji mənbələrinə keçidlə əlaqədar özündə əhəmiyyətli dərəcədə vaxt və maliyyə itkisini birləşdirirdi. Büdcə məsələlərinə xüsusi önəm verən bir partiya kimi FDP üçün avrozonanın gücləndirilməsi isə Almaniyanın digər Aİ ölkələri ilə qarşılıqlı asılılığının güclənməsi və müstəqil xarici siyasət yürütməsinin məhdudlaşdırılması mənasını verirdi. Maraqlıdır ki, həm SPD (2013-2017), həm də FDP (2009-2013) İttifaq Partiyaları ilə koalisiya hökuməti qurduqdan sonra onların federal və əyalət səviyyəsində keçirilən seçkilərdə səs faizi nisbətləri əhəmiyyətli dərəcədə azalmışdı. Sonda FDP 2013-cü ildə keçirilən Bundestaq seçkilərində tarixində ilk dəfə olaraq parlamentdən kənarda qalmışdı. Bu da öz növbəsində partiyanın koalisiyaya aparan danışıqlarda ehtiyatlı davranmasına, son nəticədə isə danışıqlardan imtina etməsinə gətirib çıxardı. İlk öncə SPD-nin, daha sonra isə FDP-nin koalisiya danışıqlarından imtina etməsi nəticəsində Kristian Lindnerin danışıqlar prosesinə "xəyanəti” ilə bağlı müzakirələri getdikcə A. Merkelin uğursuzluğu ilə bağlı müzakirələr əvəzləyir.
Hadisələrin bu cür gedişatı Almaniyada hökumət qurulması ilə bağlı 3 ssenarini mümkün edir: Böyük Koalisiya hökumətinin (CDU/CSU+SPD) davam etdirilməsi, Anqela Merkelin rəhbərliyi altında azlıq hökumətinin qurulması və ya yeni seçkilərin keçirilməsi.
İlkin ssenari olaraq, SPD seçkilərdən sonra partiyanın Böyük Koalisiyanı davam etdirmək istəmədiyini və müxalifətin başına keçmək istədiyini bildirmişdi. 20 noyabrda "Yamayka Koalisiyası” ilə bağlı danışıqların iflasa uğramasından sonra SPD rəhbərliyi yenidən belə bir koalisiyaya getməyəcəyini və yeni seçkilərin keçirilməsinin tərəfdarı olduğunu birmənalı olaraq bildirdi.
Almaniyada hökumət qurulması ilə bağlı ikinci ssenari kimi azlıq koalisiyasının qurulması göstərilir. Bununla belə, belə hökumət modelinin Almaniya kimi sabit siyasi sistemə malik bir ölkəyə elə də uyğun olmadığını qeyd etmək olar. Bu, həm də A. Merkelin Bundestaqda, xüsusilə büdcə haqqında qanun layihələrinin qəbul edilməsində, mütəmadi olaraq müxalifət partiyalarından ibarət çoxluqlardan asılı olacağı mənasına gəlir. Merkel isə danışıqların bitməsindən sonra bir daha belə bir hökumət modelinə skeptik yanaşdığını və stabil hökumət qurulmasının tərəfdarı olduğunu bildirdi.
Üçüncü və reallaşması ən çox ehtimal olunan ssenari isə yeni Bundestaq seçkilərinin keçirilməsidir. Yeni seçkilərin keçirilməsi üçün əsas şərt yeni kansler seçiminin uğursuzluqla nəticələnməsidir. Belə ki, Almaniya Konstitusiyasının 63-cü bəndinə əsasən Federal Prezident Bundestaqa yeni kansler namizədi təklif edir və bu namizəd mütləq çoxluqla seçilməlidir. Əgər bu baş vermirsə, onda Bundestaq növbəti 14 gün ərzində "kansler çoxluğu” ilə yeni Federal Kansler seçməlidir. Bu seçki də uğursuzluqla nəticələnərsə, onda dərhal keçirilməli olan üçüncü turda namizədin nisbi çoxluqla seçilməsi kifayət edir. Belə olan halda, Federal Prezidentin iki seçimi var: Kansler namizədini azlıq hökumətinin başçısı təyin etmək və ya parlamenti buraxmaq. İkinci halda 60 gün ərzində yeni seçkilər keçirilməlidir. Yeni seçkilərin keçirilməsi yuxarıda qeyd edilənlərdən ehtimalı ən yüksək olan ssenari olsa da, özündə bir çox qeyri-müəyyənlikləri birləşdirir. Belə ki, bir tərəfdən Federal Prezident bunun Almaniyada mümkün hökumət böhranına gətirib çıxara biləcəyini anlayır, digər tərəfdən isə A.Merkel əslində hökuməti formalaşdırmaq üçün mütləq çoxluğu əldə edə bilməyən zəif kansler imici ilə yeni seçki kampaniyasına başlamağın tərəfdarı deyil. Əlavə olaraq, son sosioloji sorğulara əsasən keçiriləcək yeni seçkilər Bundestaqda hazırki qüvvələr nisbətini o dərəcədə dəyişməyəcək ki, Böyük Koalisiya və ya "Yamayka Koalisiyası”ndan başqa digər alternativlər mümkün olsun. Bununla belə, Almaniyada siyasi hadisələrin son inkişafını nəzərə aldıqda, yeni Bundestaq seçkiləri nəticəsində partiyaların səs nisbətində əhəmiyyətli dəyişikliklərin baş verəcəyini tam istisna etmək olmaz.
Hazırkı şəraitdə Almaniyada hökumət qurulması prosesinin uzanması bir çox strateji əhəmiyyətli xarici siyasət məsələləri ilə bağlı qərar qəbul edilməsinin də uzanması mənasına gəlir. Bu, həm Bundesverin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı üçün mandatın uzadılmasında, həm də Almaniyanın digər dövlətlərlə ikitərəfli münasibətlərində qeyri-müəyyənliklərə gətirib çıxara bilər.
Newtimes.az