Sözün əsl mənasında, 7 nəfərin o boyda AYB-dən getməsi (sabah 17 olsa belə), daha doğrusu, üzvlükdən istefası filin belindəki qarışqanın düşüb öz yoluyla davam etməsidir.
Və bunun oxuculara, ədəbiyyata heç bir dəxli yoxdur. Bu söhbətlərə səbəb olan yazıçı deyir ki, “ictimai rəy xeyrimə işləyir”. Lap şou-biznes məzhəkələri yadıma düşdü, sənətiylə tanımadığımız insanlar öz ətraflarında ictimai rəy formalaşdırırlar ki, bizdən yaxşısı yoxdur, bizi sevirlər-filan... O ictimai rəyi ədəbiyyat anlayışı olanlar formalaşdırmayıb. Sadəcə, ölkədə etiraz edilə biləcək ən asan “dövlət qurumu” AYB olduğu üçün bütün hirslərini ordan çıxıb, türkün sözü, stress atırlar...
AYB-dən istefa verənlərlə heç bir şəxsi tanışlığım yoxdur və bəzilərinin ümumiyyətlə, nə yazdığını bilmirəm. Daha çox uğursuz köşə yazarı kimi saytlarda böyük başlıqlarla və iddialarla kiçik məzmunlu yazılar yazmaq yazıçılıq deyil. Əsla, AYB-nin müdafiəsində deyiləm, sadəcə, məni düşündürən budur: deyir ki “biz çoxdan bunu fikirləşirdik ki, istefa verək, bir yerdə edəcəydik” filanmış... Bəs nəyi gözləyirdiniz? Əgər AYB bu gün pisdirsə, siz qoşulanda da pisiydi... Həmin rəhbərlik, həmin siyasət, həmin bina, həmin nəşrlər, həmin mövqe... AYB həmişə eyni mövqedə olub, pis də olsa, yaxşı da olsa, mövqeyi həmişə eyni olub... İndi kim daha çox səmimidir? Təqaüd almaq üçün AYB-yə üzv olan, “işim keçsin deyə susdum” deyən yazarlar, yoxsa həmişə “biz təhqiri qəbul etmirik” deyən AYB? Məncə, bu məsələdə AYB tam haqlıdır... AYB rəsmiləri özləri də etiraf edirlər ki, qurumda isdedadsız insanlar da var... Və həmin insanlar bir AYB-yə üzv olanda, bir də AYB-dən çıxanda – ömürlərində iki dəfə gündəmə gəlirlər...
Təsəvvür edək ki, AYB ləğv olundu, belə bir qurum olmadı... Nə baş verəcək?
AYB tərəfdən: Anar qurum işləriylə məşğul olmayacaq və bəlkə Azərbaycan ədəbiyyatında daha bir bestseller yazacaq...
AYB-yə təqaüd almaq üçün qoşulanlar: “Dövlət bizə fikir vermir, yazıçıya, şairə stimul vermirlər, bir də təqaüd olsaydı, istedadımız çoxalardı...”
AYB-yə qoşulmasından başqa ədəbiyyatla başqa bir əlaqəsi olmayanlar: “Bir vaxtlar mən Azərbaycan Yazıçılar Birliyinin üzvüydüm eee”.
AYB-dən istefa verənlər: “Biz istefa verdik, AYB çökdü....”
... bir də AYB-ni ədəbiyyata maneə kimi görənlər və heç vaxt o birliyə üzv olmayanlar; Yüz faiz əminəm ki, onlar daha bir “maneə” tapacaqlar. Amma son hadisələrdən sonra bu insanların istefa verənlərdən daha səmimi olduğunu düşünürəm. Çünki mövqeləri BİRdir... Həmişə deyirdilər ki, AYB pisdir və həmişə də deyəcəklər... Daha “işim yaxşı getsin deyə” AYB-yə üzv olmayıblar...
Ədəbiyyatı qurumlar, təqaüdlər, müsabiqələr yaratmır. Ədəbiyyatı fərdlər yaradır, hətta ədəbiyyatı yaratmaq üçün stimul-zad boş şeydir, yazmaq elə şeydir ki, onun üçün sənə bir vərəq, bir də qələm lazımdır... Təbii ki, bir də istedad...