Gürcüstanın şərq və qərb hissəsində logistik mərkəzlər tikiləcək.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.
Hökumət başçısı bildirib ki, müasir standartlara cavab verəcək iki logistik mərkəzin inşasına tezliklə başlanacaq: “Bu yaxınlarda bu layihələrlə bağlı tender elan olunacaq”.
G.Kvirikaşvili qeyd edib ki, bu günlərdə inşasına rəsmən start verilən Anaklia dərin dəniz limanı Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verəcək.
Baş nazir 2018-ci ildə Gürcüstan iqtisadiyyatının daha dinamik inkişaf edəcəyini vurğulayıb: “2017-ci il turizm sahəsi üçün uğurlu olub. Gürcüstana səfər edən ziyarətçilərin sayı 7 milyondan çoxdur. Əminəm ki, 2018-ci ildə bu sahədə daha böyük uğurlar əldə olunacaq”.