Ötən ilin dekabr ayınının 28-dən qonşu İran İslam Respublikasında qiymətlərin artırılmasına etiraz əlaməti olaraq başlanan və artıq öz məcrasından çıxaraq, siyasi tələblərlə müşayiət olunan etiraz dalğası-müqavimət hərəkatı səngimək bilmir.
Ötən 8-9 gün ərzində qanlı olaylarla özünü göstərən etiraz-müqavimət hərəkatında 22-dən artıq insan qətlə yetirilib, yaralanan və xəsarət alanların sayı yüzlərlədir. Ölkə iqtisadiyyatına dəyəri milyon dollarlarla ölçüləcək zərər və ziyan dəyib. Artıq hakimiyyət yanlıları da, iqtidar tərəfdarı olan qatı mühafizəkar kəsim də küçələrə axışıb. Onlar "Liderimiz, biz hazırıq!" şüarları ilə hakimiyyətə dəstəklərini ifadə ediblər. Ölkə rəhbərliyi, prezident Həsən Ruhani, o cümlədən, İranın 2-ci Ali Rəhbəri Ayətullah Əli Xamenei də hadisələrdə ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin əli olduğunu qeyd edərək, xarici güclərin öz istəklərinə nail ola bilməyəcəyini, İranın qonşu dövlətlərin taleyini yaşamayacağını bildirirlər. Bununla yanaşı, nisbətən yumşaq siyasət, yəni ABŞ və Qərb dünyası ilə münasibətlərin normallaşdırılması tərəfdarı kimi çıxış edən Ruhani Xameneidən fərqli olaraq, etirazçıların tələblərinin müəyyən qisminin haqlı olduğunu və həmin tələblərin ölkə rəhbərliyi, parlament səviyyəsində həllinin vacibliyini söyləyib.
İranda baş verənlərə isə dünyada yanaşma, dəyərləndirmə müxtəlifdir, birmənalı deyil. Bir qisim şərhçi, analitik hadisələrin qatı mühafizəkarlarla-Xamenei tərəfdarları ilə yumşaq siyasət tərəfdarı olan Ruhanı tərəfdarları arasında uzun müddətdən bəri davam edən gizli rəqabət, gizli savaşın açıq müstəviyə keçməsi, hadisələrdə Xameneinin barmağının olması iddiasını irəli sürürlər. Bir qisim şərhçi isə hadisələrin kökündə ölkə daxilində illərlə qalaqlanan problemlərin, xüsusilə, siyasi və hüquqi islahatların, dəyişikliklərin aparılmamasının, yəni insanların siyasi dəyişikliklər istəməsinin dayandığını qeyd edirlər. Başqa bir qrup şərhçi, siyasi araşdırmaçı da hadisələrdə xarici güclərin, xüsusilə, İsrail, Səudiyyə Ərəbistanı və ABŞ kəşfiyyatının dayandığını bildirirlər. Onların fikrincə, xüsusilə, İraq və Suriya hadisələrində İranın aktiv rol alması, İraqı, Suriyanı, Qətəri və Yəməni bir növ öz nəzarətində saxlaması bölgədə böyük maraqları olan İsraillə ABŞ-ın mənafeyinə uyğun gəlmir və bu səbədən də, hər 3 dövlət nəhayət, İranın cəzalandırılmasında, özü də içəridən silkələnməsində maraqlıdır. Həmin ekspertlərin qənaətincə, ABŞ və İsrail İranın zəiflədilməsində, gücdən salınmasında, teokratik hakimiyyətin və quruluşun birdəfəlik aradan qaldırılmasında maraqlı olsa da, bu ölkənin bir neçə yerə parçalanmasında maraqlı deyillər. Xüsusilə, İranda ikinci bir Azərbaycan dövlətinin, bu ölkədə yaşayan 30 milyondan artıq Güney türkünün öz tarixi ərazilərində - Cənubi Azərbaycanda müstəqil dövlətini yaratmasında, iki Azərbaycanın birləşməsində maraqlı deyillər. Bu, heç bir halda onların maraqları daxilində deyil. Odur ki, həmin ekspertlər İranın bir neçə yerə parçalanmasına yol verilməyəcəyini və Güney Azərbaycan türklərinin istiqlal savaşına qalxacaqları təqdirdə, bu mübarizənin növbəti dəfə qanlı şəkildə yatırılacağını dilə gətirirlər.
Onu da qeyd edək ki, hadisələrdə ABŞ-ın və digər Qərb ölkələrinin maraqlı olması özünün ilkin əlamətlərini və işartılarını göstərməkdədir. Belə ki, ABŞ prezidenti Donald Tramp İranda baş verənləri "Xalq üsyanı" adlandırıb. Almaniya hökumətinin sözçüsü xanım Dimmer də ölkəsinin İranda baş verənləri diqqətlə izlədiyini, etirazçılara "sayğı göstərildiyini" iddia edib. Digər Qərb ölkələrinin də yaxın zamanlarda (əgər etiraz-müqavimət dalğası səngiməzsə) bu mövqedən çıxış edəcəyi gözlənilir. Bununla yanaşı, İranda baş verənlərə fərqli mövqedən yanaşan, daha doğrusu, İran hakimiyyətini dəstəkləyən dövlətlər və qüvvələr də var. Məsələn, Rusiya və Türkiyə İrandakı hadisələrin tezliklə başa çatması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqelərini sərgiləyiblər. Konkret olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti ilə telefonda "bir araya" gələrək, Türkiyənin İranın sabitlik və təhlükəsizliyində maraqlı olduğunu bəyan edib. Ruhani də öz növbəsində Ərdoğana duyarlılığından dolayı təşəkkürünü bildirirək, etirazların yaxın dövrdə sona çatmasını gözlədiklərini ifadə edib. Azərbaycan Xarici İşlər Nazirliyi də bir neçə gün öncəki bəyanatında İranda baş verən hadisələrin tezliklə və dinc yollarla həllini tapmasının vacibliyini vurğulayıb.
Bununla belə, İranla ən yaxın və uzun sərhədləri olan Azərbaycanda, daha doğrusu, Azərbaycan cəmiyyətində İranda baş verənlərə münasibət çoxşaxəli və rəngarəngdir. Böyük əksəriyyət nəhayət, Cənubi Azərbaycan türklərinin iki əsrdən artıqdır gizli-aşkar davam edən milli-azadlıq mübarizəsini müvəffəqiyyətlə sonuclandırması üçün tarixi şans, imkan yetişdiyini, güneyli soydaşlarımızın hadisələrə aktiv şəkildə qarışmasının vacibliyini önə çəkirlər. Digər bir qisim isə hələlik arzuolunan şərait və imkanın yetişmədiyini, güneyli soydaşlarımızın öz davranışlarında, addımlarında son dərəcə ehtiyatlı olmalarını vurğulayıblar. Onlar öz arqumentlərində daha çox milli-azadlıq mübaizəsini qələbəyə aparmaq üçün yetərli siyasi təşkilatın və liderin olmadığını diqqət mərkəzinə gətirirlər.
Politoloq Natiq Cəfərlinin fikrincə isə nə qədər qəribə səslənsə də, bu gün etiraz edənlər ölkələrinin, heç olmasa, Azərbaycan kimi olmasını istəyirlər, dünyəvilik arzulayırlar: "Məhz bu anlamda bizlər də dünyəviliyin nə qədər vacib olduğunu anlamalıyıq. İranın müasirləşməsi Azərbaycanda dini təhlükəni xeyli azaldacaq. Ona görə də, İranda baş verənlərə etnik pəncərədən baxmaq olmaz, Cənubi Azərbaycan bizim üçün xoş arzu olaraq qalmalıdır. Bu gün İranda baş verənləri etnik zəminə çəkmək başlanan ədalətli, dünyəvi ölkə arzularını beşikdəcə boğa bilər. Diqqətli olmaq lazımdır, İran demokratikləşsə, 20-30 ildən sonra orqanik və təbii yolla Cənubi Azərbaycan məsələsi aktuallaşacaq. Tələsən yerimiz yoxdur. Əsas qonşu və qohum dövlətin sivilləşməsidir. Bu, bizim marağımıza tam cavab verir, mənəvi dəstək ancaq bu çərçivədə olmalıdlr, etnik məsələni unudun, bu indiki mərhələdə çox ziyanlıdır".
Millət vəkili Fazil Mustafa da bu fikirdədir ki, İrandakı Azərbaycan davasının bəsit dəyərləndirməsini aparmağa tələsməyək. Millət vəkilinin iddiasına görə, İranda xaos olarsa, Güneydən bizim soydaşlarımızın üz tutacaqları yer Azərbaycanımız olacaq. Bu da ən azı on milyonluq qaçqın köçü deməkdir: "Özümüzün ağır sosial şərtlərində bu yükü qaldırmaq iqtidarındayıqmı? Xeyli milli təəssübkeşlikdən uzaq Azərbaycan türkü İran rejimi üçün ölümünə mübarizə aparacaq, hətta buradan da xeyli anlaqsız sürüsü oraya yardıma qoşacaq. Bu tip anlaqsız dinçilərin yalandan cihad uyduraraq Azərbaycandan gedib Əsədə qarşı Suriyada döyüşməyini yəqin xatırlayırsınız. Azərbaycanda da belələri az deyil. Qarabağ üçün savaşmazlar, ancaq bir siyasət mollasının çağırışı ilə Vətəni dünəndən satarlar. Ona görə də ABŞ-ın İran xalqının yanında, böyründə, başında, ayağında olmasının bizim üçün, oradakı həmvətənlərimiz üçün heç bir faydasını görmürəm. Hə, açıqlama gəlsəydi ki, ABŞ orada milli çoxluq olan azərbaycanlıların dövlət yaratmaq haqqını tanıyır, bu zaman nələrsə düşünmək olardı. Çünki İran xalqının yanında olan ABŞ illərdir dəyişməz bir siyasətlə erməni xalqının da yanındadır. Siz bir dəfə də olsun erməni separatizminə qarşı ABŞ-ın Rusiyadan fərqli bir cizgidə olduğunu duydunuzmu? Dağlıq Qarabağa illərdir maliyyə yardımı birbaşa ABŞ-dan gəlir, həm də bunu çəkinmədən, açıq-aşkar edirlər. Hətta İranı da illərdir Ermənistana dəstək verməyə ABŞ məcbur edir. Fikrimcə, ABŞ-ın İrana qarşı əməldə sərt davranmamasının tək bir səbəbi məhz qonşu ölkənin Ermənistana hərtərəfli iqtisadi dəstək verməsidir. İndi ABŞ-ın İranda da kiçik bir erməni xalqının maraqlarından çıxış etməyəcəyinə kimin təminatı var? İrandakı Azərbaycan davasının bəsit dəyərləndirməsini aparmağa tələsməyək. Bu davanın dinçi məzmundan təmizlənməsi gerçəkləşməsə, təqribən Səttarxan, Xiyabani, Şəriət-Mədari ayaqlanmalarının mahiyyətinə uyğun bir cəhalət tablosu ortaya çıxacaq. Ona görə də İranda baş verənlər haqlı olaraq oradakı soydaşlarımızın durumuna görə içimizdə narahatçılıq doğurur. Bu cür rejimlərin öz içindən demokratik islahatlar yolu ilə çözülməsi, milli, siyasi, sosial-iqtisadi haqların genişləndirilməsi bizim maraqlarımıza daha uyğundur və heç bir halda dünyanın bu başsız vaxtında İranda xaosun, qarışıqlıqların olmasının hansısa faydasından danışa bilmərik".
Kamil HƏMZƏOĞLU