"Çocuqlar duymasın" serialının "Zero Tuna"sı - Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova AZƏRTAC-a bildirib ki, mötəbər qonaq sənət ocağının direktor müavini Hüseyn Hüseynovla görüşüb.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H.Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Türkiyəli aktyor teatrda yaradılmış şəraitin yüksək səviyyədə olduğunu bildirib. O, ümumilikdə, Azərbaycan Dövlət Musiqili Teatrının möhtəşəm binasını, həmçinin, müasir dünya standartlarına tam cavab verən səhnəni görəndən sonra heyranlığını gizlətməyib və xoş təəssüratlarını dilə gətirib: "Əslində, məndə bu teatrı ziyarət etmək istəyini həmkarım, ünlü sənətçi Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlar ilə müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də, neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki, doğma vətəndə hiss etdim".
Aktyor Musiqili Teatrdan xoş təəssüratlarla ayrılıb.