Yanvarın 23-də İsveçrənin Davos şəhərində öz işinə başlayan 48-ci Dünya İqtisadi Forumu dünən yekunlaşıb.
Hər il ənənəvi olaraq keçirilən bu tədbir mühüm əhəmiyyətə malikdir. Dünya liderləri, nəhəng biznes sahibləri, siyasətçilər, digər məşhur simalar məhz bu forumda bir araya gəlib vacib və aktual məsələləri müzakirə edib, görüşlər keçirirlər. Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada, “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasda iştirak edib, bir sıra görüşlər keçirib.
Dövlət başçısı interaktiv iclasda çıxışı zamanı Azərbaycanın əldə etdiyi uğurlardan, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən, enerji layihələrdən, qeyri-neft sektorunun inkişafından, nəqliyyat layihələrindən söz açıb.
Dövlət başçısı deyib ki, iqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir: “Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur”.
Prezident vurğulayıb ki, hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq: “Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Davos İqtisadi Forumunda bir qayda olaraq əsasən maliyyə məsələləri müzakirə olunurdu. Amma son illər keçirilən forumda ciddi siyasi problemlər də müzakirə olunur. Bu baxımdan da 48-ci Davos Forumuna 100-dən artıq ölkə və beynəlxalq təşkilatlardan olan təmsilçilər, dövlət rəhbərləri iştirak edirdilər.
Azərbaycan prezidentinin forumun bir sıra panellərində iştirak etdiyini deyən politoloq bildirib ki, dövlət başçısı forumda çıxışı ilə Azərbaycanla bağlı bütün reallıqları təhlil etmiş oldu: “Prezident İlham Əliyev Forumda Azərbaycanda sosial vəziyyəti, iqtisadi inkişafı, qeyri-neft sektoruna keçid dövrünü təhlil edərək həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ölkə başçısı eyni zamanda bildirdi ki, Azərbaycan tək özü üçün deyil, bir sıra ölkələr üçün maraqlı dövlətə çevrilib. Çünki Azərbaycan artıq nəqliyyat qovşağına, turist ölkəsinə dönür. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, inkişafa yönələn bütün istiqamətlər ölkəmiz üçün prioritetdir”.
Politoloq söyləyib ki, Azərbaycanın Forumda ölkə başçısı səviyyəsində təmsil olunması həm ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, həm də digər ölkələrin diqqətini Azərbaycana cəlb etmək üçün mühüm vasitədir: “Dövlət başçımız bundan çox peşəkarlıqla istifadə edir. Azərbaycanın indiki vəziyyəti, inkişafı, ölkəmizin gələcəyi bir sıra aparıcı dövlətlərin rəhbərlərinin və beynəlxalq strukturların diqqət mərkəzindədir. Artıq ölkəmiz hər kəs üçün maraqlıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan bu forumda qarşıya qoyulan məqsədə nail ola bildi”.
Forumla bağlı qarşıya qoyulan məqsədləri açıqlayan F. Sadıqov vurğulayıb ki, ilk növbədə əsas məsələ reallıqları həqiqətləri siyasi və iqtisadi liqalara çatdırmaqdır: “İkinci məsələ forum çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycanla digər ölkə arasında münasibətləri daha da inkişaf etdirmək, üçüncüsü isə Dağlıq Qarabağla bağlı həqiqətləri, əsaslanan mövqeyimizi nəinki orada toplaşan dairələrə, ümumilikdə bütün dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bütün bunlarla yanaşı forum yeni layihələrə zəmin yaratmaqla yanaşı və iki və ya çoxtərəfli münasibətlərin bundan sonrakı inkişafına böyük töhfə verir”.
Dövlət başçısının forum çərçivəsində həyata keçirdiyi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini deyən politoloq vurğulayıb ki, bu görüşlərdə səslənən mövqelər, əsası qoyulan layihələr forumun Azərbaycan üçün önəmli meydança olduğunu deməyə əsas verir.
Millət vəkili Aytən Mustafayeva isə hesab edir ki, Dünya İqtisadi Forumu ölkəmizi təqdim etmək üçün çox vacib və mötəbər bir platformadır: “48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutdu. Davos İqtisadi Forumunda dünya liderləri toplaşaraq vacib məsələlər barədə fikir mübadiləsi apardılar: Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadiyyatı haqqında şərhlər verdi, həmçinin təhlillər də iştirak etdi. Azərbaycan bu illər ərzində iqtisadiyyatın difersifikasiyası istiqamətində əldə edilən nailiyyətlər nəticəsində böyük addımlarla irəli getməsinə səbəb olub. Azərbaycan bir sözlə inkişaf edir və milli layihələrə imza atır. Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Davos görüşü həm də dünya iqtisadiyyatının inkişaf istiqamətlərini müəyyənləşdirməsinə xidmət edir. Forum qabaqcıl iqtisadi modelləri təbliğ edir, ölkələr arasında partnyorluq münasibətlərinə şərait yaradır. Dövlətlər həmin forumda müxtəlif sahələr üzrə sövdələşmə aparır, dünyanı narahat edən problemlər müzakirə edilir”.
PƏRVANƏ