Bugünlərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafı ilə bağlı təşəbbüs çərçivəsində Türk Ədəbiyyat Vəqfinin (TƏV) böyük nümayəndə heyəti ölkəmizə səfər edib.
Dünən TƏV rəhbərliyi əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın görkəmli ədiblərinin məzarlarını ziyarət edib, ustad yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin ev muzeyilə tanış olub.
Daha sonra qonaqlar Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özoralla görüşüb, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yaradıcı şəxslərin prezident İlham Əliyevə Dəstək Forumuna qatılıblar.
Dünən Atatürk Mərkəzində TƏV-in qardaş ölkədə nəşr etdiyi tanınmış yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” kitabının təqdimat mərasimi də keçirilib. Tədbirdə Türkiyədən gəlmiş nümayəndələrlə yanaşı, Azərbaycan ədibləri, tanınmış ziyalılar və jurnalistlər də iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov qonaqları salamlayaraq, həyata keçirilən bu layihənin hər iki ölkənin ədəbiyyatı, mədəniyyəti üçün mühüm hadisə olduğunu deyib: “Bizim fəaliyyətimizin böyük hissəsi türk dünyasında əlaqələri gücləndirməyə xidmət edir. Bunun üçün əsas yol isə ədəbiyyatdan, dildən, təhsildən keçir. Onsuz bu birliyə nail olmaq çox çətindir. Əhməd Kabaklının yaradıcısı olduğu Türk Ədəbiyyatı Vəqfinin görkəmli yazıçımız Mir Cəlalın “Kəmtərovlar ailəsi” kitabını nəşr etdirməsi də bu sahədə önəmli işlərdən biridir. Mir Cəlal Paşayev müəllimim olduğundan mən onu daha yaxşı tanıyıram. O, ədəbiyyatımızın böyük bir dövründə yazıçı olmaqdan əlavə, həm də bir ədəbiyyatşünas, sanballı dərslik müəllifi kimi də tanınır, bu elmin Azərbaycanda əsasını qoyanlardan biridir. Bu günə qədər də universitetlərin filologiya fakültəsində tədris olunan “Ədəbiyyatşünaslığın əsasları” adlı dərsliyi də məhz Mir Cəlal Paşayev yazıb. Belə bir şəxsiyyətə göstərilən diqqətə görə əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Tədbirin moderatoru AYB-nin katibi, şair Rəşad Məcid layihənin məqsədi və proqramı haqqında geniş məlumat verib. Bildirib ki, bu cür tədbirlər iki ölkə arasındakı mədəni əlaqələrin daha da sıxlaşdırılması üçün çox önəmlidir və bu gün keçirilən bu tədbirlər də gələcəkdə görüləcək böyük işlərin başlanğıcı hesab oluna bilər.
Kitabı Türkiyə türkcəsinə çevirmiş yazıçı və tərcüməçi İmdat Avşar bu işin araya-ərsəyə gəlməsi haqqında məlumat verib: “Mən Mir Cəlal Paşayev imzası ilə hələ çox uzun illər bundan öncə tanış olmuşdum. Mir Cəlal həm elmi, həm də bədii yaradıcılığı ilə mənə böyük alimimiz Fuad Köprülünü xatırladır. Bu il biz Türk Ədəbiyyat Vəqfi olaraq, “Türk dünyası ədəbiyyatı” seriyasından kitablar tərcümə edib yayımlamaq qərarına gələndə ilk kitab kimi Azərbaycandan Mir Cəlal Paşayevin hekayələr toplusunu seçdik. Bu, həm də yazıçının 110 illik yubileyinə bizim töhfəmiz oldu. Kitaba “Kəmtərovlar ailəsi” hekayəsinin adını verilməsində mənim istəyim nəzərə alındı, çünki mən Mir Cəlaldan ən birinci bu hekayəni oxumuş və sevmişdim”.
“Bir başqa vətənin olması nə gözəldir” - deyən Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, buranı da vətən bildiklərini vurğulayıb: “Azərbaycan bizim üçün ikinci vətən deyil, məhz elə Türkiyə kimi vətəndir. Bakı Türk dünyasının mərkəzidir. Azərbaycan xalqının ədəbiyyat sevgisi, şeirə, sənətə, poeziyaya vurğunluğu bizi hər zaman qürurlandırır. Buradakı qardaş-bacılarımız ədəbiyyatı anlayan, ədəbiyyatın aşıladığı o yüksək ədəbə, mədəniyyətə malik insanlardır. Buna görə də biz burada olarkən mənəvi zövq alırıq. Bu cür layihələrin davamını arzulayır və bunların sayəsində türk ədəbiyyatını, mədəniyyətini, türkçülüyü sevən, qoruyan gənc nəslin yetişməsini diləyirik”.
Xalq şairi Nəriman Həsənzadə Əhməd Kabaklı və Mir Cəlal Paşayevlə tanışlığından söz açıb, onları parlaq ədəbi şəxsiyyət, ədəbiyyat fədaisi kimi dəyərləndirib: “Türkiyədə tanış olduğum və sevdiyim Əhməd Kabaklının nəslinin davamçıları Əsəd və Sərhad Kabaklıları burada görməyimə çox məmnun oldum. Nə gözəldir ki, onlar Azərbaycanı Türkiyədən ayırmırlar, öz vətənləri kimi qəbul edirlər. Elə həqiqət də budur. Çünki burada yüzlərlə türk döyüşçüsünün, şəhidlərin məzarları var. Bu torpaq onlara yad ola bilməz. Mir Cəlal müəllim sadə adam, böyük insan, görkəmli ədib və alim olaraq, öz dövründən çox uzaq gələcəyi görən sənətkar idi. Ona verilən bu dəyər üçün hər kəsə minnətdaram”.
Professor Asif Rüstəmli çıxışında qeyd edib ki, 2018-ci ili yubileylər ili də adlandırmaq olar: “Cümhuriyyətimizin 100, Mir Cəlal Paşayevin 110, Xalq yazıçısı Anarın 80 və Türk Ədəbiyyatı Vəqfinin 40 illik yubileyləri məhz bu ildədir. Mərhum alim Əhməd Kabaklı tərəfindən əsası qoyulmuş Vəqf bu illər ərzində yüzlərlə dəyərli kitab yayımlayıb. Əhməd Kabaklını bizim Firudin bəy Köçərli ilə müqayisə etmək olar. Onun hazırladığı 5 cildlik “Türk ədəbiyyatı” kitabı yalnız Türkiyənin deyil, Azərbaycan da daxil olmaqla, bütün türk dünyasının ədəbiyyatını əhatə edir”.
Professor A.Rüstəmlinin gələcəkdə Türk Ədəbiyyatı vəqfinə onun yaradıcısı Əhməd Kabaklının adının verilməsi təklifi iştirakçıların marağına səbəb olub. Natiq, həmçinin, onu da qeyd edib ki, hazırda bu cür əlaqələrə hər zaman olduğundan daha çox ehtiyac var. Türkçülüyün inkişafı məhz bu əlaqələrdən asılıdır: “Bu mənada Mir Cəlal müəllimin kitabının Türkiyədə, Əhməd Kabaklının kitabının Azərbaycanda yayımlanması mühüm addımdır. Mir Cəlal Paşayev və Əhməd Kabaklı ömrünü ədəbiyyatımızın öyrənilməsinə həsr ediblər. Hər iki insan ruh, əqidə etibarilə doğma xalqına, türkçülüyə xidmətilə misilsiz şəxsiyyətdir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi Mir Cəlalla Əhməd Kabaklının bu layihə çərçivəsində qoşa anılmasının çox doğru addım olduğunu vurğulayıb. Müşavir qeyd edib ki, iki ölkə arasındakı siyası, ictimai, sosial və mədəni yaxınlıq indi tarix boyu heç vaxt olmadığı qədər güclüdür və bu, ölkə başçılarının bir-birinə doğma münasibətilə də bağlıdır.
Türkiyə Ədəbiyyatı Vəqfinin müdiri Özcan Ünlü çıxışında qeyd edib ki, bundan sonrakı planları ədəbiyyatı önə çəkərək mədəni əlaqələri daha da inkişaf etdirməkdir.
Professor Ramazan Korkmaz, təhsil mütəxəssisləri Ömər Balıbəy İbrahim Taşer, Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir və başqaları da layihə, eləcə də təqdim olunan kitab haqqında düşüncələrini bölüşüb, görülən işləri yüksək qiymətləndiriblər.
Sonda Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərova və mərkəzin şöbə müdiri Əkbər Qoşalıya Türk Ədəbiyyatı Vəqfi adından plaketlər təqdim olunub.
Şahanə MÜŞFİQ