"Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı vəziyyət xüsusi nikbinlik yaratmır. Çünki bu, nikbinlik üçün hansısa əsas yoxdur. Bu arada, xarici işlər naziri Elmar Məmmədyarov da nikbin deyil. Düşünürəm ki, prezident İlham Əliyevin YAP-ın qurultayındakı sərt çıxışı ATƏT-in Minsk qrupunun həmsədrlərinin yenə də cəfəngiyatla məşğul olmasına bir reaksiya idi".
Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti şərh edərkən bildirib. R.Musabəyovun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin regiona fevralın əvvəlində etdikləri səfər zamanı bir daha ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməkçilərinin sayının üç nəfərdən yeddi nəfərədək artırmaq məsələsinə diqqət çəkiblər: "Sanki bu məsələdən başqa münaqişənin nizamlanmasında problemlər mövcud deyil. Bu üçlük bölgəyə gəlir və səfərlərinin bütün mahiyyəti yalnız Kaspşikin köməkçilərinin sayını artırmağa nail olmağa yönəlir. Bunun üçün gəlməyə dəyməz".
Millət vəkili düşünür ki, Kaspşikin ofisinin genişləndirilməsi nizamlanma prosesində heç bir rol oynamır: "Yəqin ki, bu, həmsədrlərin fəaliyyətinin imitasiyası üçün lazımdır. Ümumiyyətlə, müqayisə üçün: Donbassda bu cür müşahidəçilərin sayı mindən çoxdur, bu nə verir? Heç bir şey. Azərbaycan Kaspşikin köməkçilərinin sayını artırılması üçün özünün prinsipial razılığını verib. Lakin bu, tamamilə heç bir şeyi dəyişmir. Yaxşı, bəlkə Kaspşik üçün məlumat toplamaq bir qədər daha asan olacaq, bəs sonra nə? Bu insanların təmas xəttində vəziyyətin qəfil kəskin pisləşməsinin qarşısını almaq imkanında deyillər. Beləliklə də bu, ikinci dərəcəli və az əhəmiyyətli bir məsələdir. Bir daha təkrar edirəm ki, ola bilsin, bu, həmsədrlərin ATƏT çərçivəsində nəsə etdiklərini göstərmələri üçün bir işarə və ya imitasiyadır. Bəlkə də. Amma hətta münaqişənin həlli üçün deyil, vəziyyətə nəzarət etmək üçün belə, bu yanaşma tamamilə qeyri-adekvatdır".
R.Musabəyov vurğulayıb ki, Ermənistanda hakimiyyətin dəyişdirilməsi, yeni idarəçiliyə keçilməsi, Azərbaycanda aprel ayındakı prezident seçkiləri nəzərə alınsa, aprel ayına kimi Qarabağ münaqişəsində irəliləyiş gözləmək lazım deyil: "Hesab edirəm ki, yaz aylarında danışıqların baş tuta biləcəyindən çox şey asılıdır. Əgər bu baş verməsə, YAP-ın qurultayında İlham Əliyevin olduqca möhtəşəm çıxışını yada salaq, yəni bu, bir siqnaldır ki, ermənilər yenə də vaxt uzatmaqla davam edə bilməyəcəklər. Çünki vaxt məhdudlaşır. Bundan sonra Azərbaycan işğal olunmuş ərazilərin azad edilməsinə dair birtərəfli tədbirlər həyata keçirmək məcburiyyətində qalacaq".
Həmsədrlərin öz bəyanatlarında münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında, yəni güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə ilə həllinə gəlincə, politoloq vurğulayb ki, sonuncu prinsip erməni tərəfinin təqdim etməyə çalışdığı mənanı vermir: "Öz müqəddəratını təyinetmə heç də ayrılmanı nəzərdə tutmur. Ermənilər bu prinsipi ayrılma üçün bir fürsət kimi qiymətləndirirlər və onları himayə edənlər Azərbaycanın qeyd edilən məsələdə razılığa gəldiyi təqdirdə çox xoşbəxt olacaqlar. Amma Azərbaycanın qətiyyətli mövqeyi var - öz müqəddəratını təyinetmək ölkə daxilində olmalıdır ki, bu da ermənilərə muxtariyyət verilməsindən başqa bir şey deyil. Azərbaycan Madrid prinsiplərinə razılıq verəndə bunu nəzərdə tutub, ermənilər isə bu prinsipi yanlış yerə yozaraq onu ayrılma kimi qələmə verməyə çalışırlar. Azərbaycan heç bir bölünmənin olmayacağı, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyi mövqeyində qətiyyətlidir".
O vurğulayıb ki, həmsədr dövlətlər-ABŞ, Fransa, Rusiya ənənəvi olaraq Ermənistanın əməllərini ört-basdır etməklə məşğuldurlar: "Onlar Bakının Dağlıq Qarabağı ermənilərə verməsindən şad olardılar. Azərbaycanı məhz bu vəziyyətə gətirmək istəyirlər, baxmayaraq ki, Azərbaycan prezidenti sərt çıxışı ilə bu vəziyyətin heç vaxt baş verməyəcəyini növbəti dəfə ortaya qoydu. Vasitəçilər müxtəlif ifadələr söyləyirlər, çünki onların həmsədrlik missiyaları var. Ancaq Minsk qrupunun həmsədrlərinin kim olduqlarını unutmamalıyıq. Onlar ölkələrinin xarici işlər orqanlarında orta səviyyəli diplomatlardırlar. Təzyiq etmə, izahat tələbi onların funksiyalarına daxil deyil. Həmsədrlər təkliflər verməyə çalışırlar. Amma biz real vasitəçilikdən danışanda, həmsədrləri deyil, Minsk qrupunun həmsədr dövlətlərini nəzədə tuturuq. Bu prosesə vasitəçilik edən ölkələrin ən azı xarici işlər nazirləri səviyyəsində -mən hələ prezidentləri demirəm, danışıqlara diqqət ayrılmasa, heç bir nəticə gözləməyə dəyməz".
Bununla belə, politoloq düşünür ki, Minsk qrupunun himayəsi altında olan prosesdə hər hansı bir irəliləyişin olmamasına baxmayaraq, vasitəçiliyinin rədd edilməsi səhv bir addım olardı: "Müasir dünyada müzakirə formatlarının və ya vasitəçiliyin rədd edilməsi ölkəni zəif bir mövqedə qoyur. Azərbaycanın alternativlər axtarmasına isə heç kim maneə ola bilməz. Əgər vəziyyəti dalandan çıxaracaq hər hansı bir format olacaqsa, Minsk qrupu bunda bizə mane ola bilərmi? Əgər münaqişənin nizamlanması istiqamətində istər diplomatik, istərsə də başqa şəkildə alternativlər olarsa, heç kim, hətta BMT bunu dayandıra bilməz. Məsələn, sabah Rusiya ATƏT-in iştirakı olmadığı halda Azərbaycan və Ermənistanı dəvət edir və onlara bir sıra məqbul həllər təqdim edirsə, kimsə bunun qarşısını ala bilərmi?
Azərbaycan və Ermənistan razılığa gələrsə, nə Minsk qrupu, hətta BMT də buna maneə ola bilər. Bundan əlavə, əgər sabah Azərbaycan öz ərazilərini azad etmək üçün hərbi yol axtarmaq istəsə, bəli, bəzi bəyanatlar ola bilər, amma indi vəziyyət belədir, Ermənistan Azərbaycanın ərazilərini işğalı altında saxlamaqda davam edir. Azərbaycanın BMT nizamnaməsinin verdiyi hüquqdan istifadə edib öz ərazi bütövlüyünü istənilən an bərpa edə bilər. Heç kim bunu dayandıra bilməz".
PƏRVANƏ