Erməni işğalçıları tərəfindən törədilmiş hadisəsindən artıq 26 il ötməkdədir. Uzun müddət keçməsinə baxmayaraq o hadisələrin şahidi olmuş Xocalı vətəndaşları üçün bu hadisələr sanki dünən baş vermişdir.
Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı millətlərə qarşı, xüsusilədə müsəlman xalqlara qarşı münasibətdə belə hadisələr gözdən qaçmır. Məlumdur ki, qədim zamanlardan başlayaraq ermənilər türklərə qarşı düşmən münasibətdə olmuş, türklərin yaşadığı arealları ələ keçirməyə çalışmışlar. Onlar bir millət kimi özlərini təsdiq edə bilmədikləri üçün həmişə onlara daha yaxın olan imperialistlərin köməyinə arxalanmışlar. Təsadüfi deyil ki, bu soyqırımının törədilməsində əsas qüvvə rusların 366-cı motoatıcı alayı olmuşdur.
Azərbaycan xalqı bir həqiqəti anlamalıdır ki, bu hadisə 1 günün içində baş verməmişdir. Çünki Xocalı böyük strateji mövqeyə malik idi və bu şəhərin tutulması üçün bir neçə plan hazırlanmışdı. Əsas planlardan biri də Xocalıdakı aeroportun tutulması idi. Fevralın 25-i axşam saatlarından başlayaraq nəzərdə tutulduğu kimi "Alazan” tipli zenit toplarından açılan atəşlə şəhər "yanmağa” başladı. Əlacsız qalan şəhər sakinləri isə Əsgəran istiqamətində qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Lakin bir müddət sonra onlar qarşılarında erməni cəlladlarını gördükləri zaman gecikdiklərini anladılar. Ermənilər "vampir” kimi dinc insanları məhv etdilər. Belə ki, 2500 nəfərdən 613 nəfər öldürüldü. Müəyyən edilmişdir ki, qətlə yetirilən insanların 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar olmuşdur. 1200 nəfərdən çox insan əsir düşmüşdür. Ermənilər meyitləri tanınmaz hala salmaqdan belə çəkinmədi. Onlar əsirlərin dişlərini çəkir, qulaqlarını kəsir, gözlərini ovur, uşaqların gözü qarşısında valideynlərini güllələyirdilər.
Bu gün biz Xocalı soyqırımına fərqli yönlərdən baxmağa çalışmalıyıq. Unutmamalıyıq ki, Xocalıda bu hadisələr baş verən zaman Xocalı uğrunda son damla qanına kimi vuruşan, əsl vətənpərvərlik nümunəsi göstərən milli qəhrəmanlarımız çox olmuşdur. Əlif Hacıyev, Tofiq Hüseynov kimi milli qəhrəmanlarımızı xatırlamamaq olmur. Əlif Hacıyev erməniləri lərzəyə salaraq təkbaşına şəhərdəki aeroportun mühafizəsinə qalxmış və vətən uğrunda qəhrəmancasına həlak olmuşdur. Hamı Tofiq Hüseynovu Xocalı uğrunda göstərdiyi rəşadətə görə "Mixaylo” deyə çağırırdı. Bu qəhrəmanımız ermənilərin əlinə keçməmək üçün belinə bomba bağlayaraq özünü partlatmışdır.
Ermənilərin bu vəhşilikləri dünya ictimaiyyəti tərəfindən də izlənirdi. Hətta Cenevrə konvensiyası bəyan etmişdir ki, bu soyqırımı zamanı Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə belə məhəl qoyulmamışdır. Tarixin səhifələrini vərəqləsək görərik ki, ikinci dünya müharibəsi illərində öz qəddarlığı ilə seçilən almanlar əsir düşərgələrində saxlanılan ingilis əsgərlərinə münasibətdə bu konvensiyanın maddələrinə riayət etmişdir. Bu əslində onu təsdiq edir ki, ermənilər müharibədən xeyli qabağa gedərək günahsız xocalılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Hətta acgöz ermənilər şəhəri xarabalığa çevirdikdən sonra əhalinin sərvətini talan etməklə məşğul olublar. Biz bunu Xocalıda çəkilişlər aparan rusiyalı jurnalist Viktoriya İvleyevanın çəkdiyi fotoşəkillərdən də aydın görürük. Eyni zamanda Faynenşl Tayms, Tayms, Le Mond, İzvestiya, Sandi Tayms qəzetləri bu soyqırımın eybəcərliklərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynamışlar. İndiki Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan xarici mətbuata açıqlamasında bildirmişdir: "Xocalı hadisəsindən əvvəl azərbaycanlılar elə fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar hesab edirdilər ki, biz mülki əhaliyə toxunmayacağıq. Lakin biz bu stereotipi qırmağı bacardıq.” Buradan aydın olur ki, əslində bu qətliam ermənilərin türklərə qarşı olan intiqam hissini bir daha üzə çıxarır.
Hal-hazırda Azərbaycan Respublikası bu soyqırımının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün böyük səy göstərir. Hamıya məlumdur ki, bu vəzifələrin yerinə yetirilməsində ilk böyük işi müasir respublikamızın qurucusu Heydər Əliyev icra etmişdir. Onun 1994-cü ildə verdiyi fərman əsasında Xocalı faciəsi soyqırımı kimi təsdiq edilmişdir. Artıq bundan sonra Azərbaycan Respublikası hər cür vəchlə özünün haqq səsini dünyaya bəyan etməyə başladı. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.
Bu işdə xüsusilə xaricdə yaşayan azərbaycanlılar önəmli rol oynamışdır və beləliklə nəticə olaraq bu soyqırımı Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya-Herseqovina, Peru, Honduras kimi ölkələr və İslam Konfransı Təşkilatı tərəfindən tanınmışdır. Hətta bugün biz böyük fəxrlə deyə bilərik ki, dünyanın lider ölkəsi olan ABŞ-ın 20 ştatı da bu qətliamı tanıyır. 2016-cı ilin fevral ayında ABŞ-ın Montana ştatının qubernatoru Xocalı qətliamı ilə bağlı ştat sakinlərinə çağırış etmişdir.
"Xocalıya ədalət” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədiXocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət” kampaniyası sayəsindəfaciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.Qarşıda hələ çox işlər qalmışdır. Axı Xocalı şəhidlərinin haqqı tam ödənilməyib. Xocalıda yaşanan bu vandalizm tədqiqatçılar tərəfindən tam təfsilatı ilə araşdırılmalıdır. Həyata keçirilən bu fəaliyyətlərin əsas məqsədi soyqırımı törədənlərin layiqli cəzalarına çatması, soyqırımından zərər çəkənlərin yaralarının az da olsa yüngülləşməsi və ümumi olaraq insanlığa qarşı törədilmiş bu tip cinayətlərin qarşısının alınması, qardaşlıq və sevgi duyğularının hakim olduğu bir dünyanın inşa edilməsinə nail olmaqdan ibarətdir.
Hər il fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam edir. On minlərlə insan soyqırımı abidəsini ziyarət edilir. Abidənin önünə tər çiçəklər qoyularaq, şəhidlərin ruhuna dualar oxunur. Azərbaycanın haqq səsi eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq, Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.
AYGÜL AĞAYEVA
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, YAP Səbail rayon ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri
Adalet.az