Fevralın 26-da Moldova Azərbaycan Konqresinin Gənclər təşkilatı ilə Moldova Azərbaycanlı t Tələbələr Birliyi Moldovanın paytaxtı Kişinyovun mərkəzi meydanında yerləşən Ştefan Şel Mare heykəlinin önündə fleşmob keçirib və Ermənistanın Moldovadakı səfirliyinə yürüş ediblər.
Azərbaycanın Moldovadakı səfirliyindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları tərəfindən Xocalı soyqırımı barədə təbliğat xarakterli bukletlər yol boyu Kişinyov sakinlərinə və turistlərə paylanılıb.
Əllərində plakatlar və Azərbaycan bayraqları tutan gənclər "Xocalıya ədalət!", "Təcavüzə son!", "Qarabağ bizimdir və bizim olacaq!", "Serj Sarkisyan terrorçudur!" şüarları ilə Ermənistanın Moldovadakı səfirliyinin önünə qədər yürüş ediblər, aksiya orada davam edib.
Moldova Azərbaycana Konqresinin Gənclər təşkilatının sədri Səfər Məmmədov aksiya iştirakçıları önündə çıxış edib, dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb. Moldovada Azərbaycanlı Tələbələr Birliyinin sədri Orxan Ağayev yerli mediaya çıxışında qeyd edib ki, keçirilən aksiya ilə Moldovada yaşayan azərbaycanlı gənclər bütün dünyaya erməni işğalçıların dinc sakinlərə qarşı törətdikləri amansız cinayətlərini tanıtmaq istəyirlər.
Sonda aksiya iştirakçıları tərəfindən Moldovada BMT-nin və ATƏT-in nümayəndəliklərinə Xocalı soyqırımın tanınması, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbi ilə bəyannamə çatdırılıb.