Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin qərargahında Xocalı soyqırımı zamanı əsir və girov götürülmüş, işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş şəxslərlə yanaşı, şahid ifadələrinə görə hələ də əsir-girovluqda olan, həmçinin itkin düşmüş hesab olunan soydaşlarımızın ailə üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Tədbirdə çıxış edən birliyin sədri Esmira Orucova bildirib ki, Xocalı qətliamından artıq 26 il keçir: “Tədbirin keçirilməsində məqsəd sizlərə mənəvi dəstək olmaq, təsəlli verməkdir.
XX əsrin sonlarında baş vermiş bu dəhşətli cinayəti törədənlər- hərbçilər, terrorçular məhkəmə qarşısına çıxarılmalı, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Çox təəssüf ki, bu cinayəti törədənlərin bu gün Ermənistanda siyasi hakimiyyətində təmsil olunur və hərbi xunta rejiminin başında dururlar. Elə bu səbəbdən də bu istiqamətdə görəcəyimiz çox işlər var. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı beynəlxalq qurumlara həqiqəti olduğu kimi çaqtdırmaq naminəı öz töhfəsini verməlidir”.
Tədbirdə “Azersun” Holdinqin humanitar şöbəsinin əməkdaşları da iştirak ediblər. Onlar 100 nəfər Xocalı sakini olan əsir, girovluqdan qayıdan şəxsə, o cümlədən əsir, girov və itkin düşmüş insanların ailə üzvlərinə “Azersun” Holdinqin istehsal etdiyi məhsullardan ibarət bağlamalar paylayıblar.