Qazaxıstanın paytaxtı Astana şəhərində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş "Bir də heç zaman: Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda" adlı fotosərgi təşkil olunub.
Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə tanınmış dövlət və ictimai xadimlər, diplomatik korpusların nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri, diaspor təşkilatlarının üzvləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov heç kimin bu kimi hadisələrin yenidən təkrarlanmasından sığortalanmadığını və sərginin də başlıca məqsədinin sülhə çağrış olduğunu qeyd edib: "Bir sıra beynəlxalq və ictimai təşkilatların dəstəyi ilə tarixin və insanlığın üz qarası olan soyqırımları birlikdə anmaqda əsas məqsədimiz sülhə çağırmaq, dünya ictimaiyyətini, cəmiyyəti bu kimi soyqırımlarla tanış etmək və nə zamansa yenidən belə cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaqdır. Beş dəhşətli soyqırım hadisəsinin hər birinin ayrı-ayrılıqda fotosərgilərini təşkil etməklə onların formaca fərqli, mahiyyətcə eyni olduqlarını, bəşəriyyət əleyhinə nə dərəcədə ağır bir vandallıq aktı törədildiyini bir daha diqqətə çatdırmağa çalışdıq".
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr olunub: "Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımları, Aşarşılık insan yaddaşında qanlı iz buraxıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı dünyada zorakılığı, qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu faciəvi hadisədən 26 il keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Xocalı soyqırımı zamanı yüzlərlə müxtəlif yaşlı dinc sakin güllələndi, azyaşlı uşaq, qoca öldürüldü. Bütün bu hadisələrdən danışanda biz müxtəlif xalqları, dinlərindən asılı olmayaraq, bir anda yaxınlarını itirmiş, milyonlarla evlərindən sürgün olunmuşları yaddan çıxara bilmərik. Uşaqların ölüm faciəsi hər bir xalqın gələcəyinin faciəsidir. Müharibə və soyqırım sivilizasiyanı tərk etməlidir. Bununla mübarizə hər birimizin borcudur. Bu hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin qorunması üçün daha da sıx birləşməlidirlər. Biz zorakılığın, terrorun əleyhinəyik. Biz inanırıq ki, birlik və sülh yolu ilə vandalizmi və zorakılığı dəf edəcəyik".
Astana şəhərinin baş ravvini Şmuel Karnaux səfirliyin soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirib.
Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Holokost və digər soyqırımların tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.
Tədbirdə Azərbaycanın əməkdar artisti, dirijor və bəstəkar İslam Manafovun ifasında musiqilər səsləndirilib.