Dünən Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərsimi keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva faciə qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımından 26 il ötdüyünü qeyd edib.
N.Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Vətənpərvər ruhda böyüyən müasir Azərbaycan gənclərinin hər an döyüşə hazır olduqlarını vurğulayan N.Əliyeva 2016-cı ilin Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətin bunun bariz nümunəsi olduğunu qeyd edib.
O, ölkə daxilində, o cümlədən, ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq idealogiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib.
Sonra söz alan Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov qeyd edib ki, tarix boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdiyi kütləvi insan qırğını, ağlasığmaz qəddarlıq və işgəncələr birmənalı genosid faktıdır, erməni vəhşiliyinin sübutudur.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov çıxışında azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı barədə bir sıra tarixi faktlardan söz açıb.
Xocalı şəhər Polis bölməsinin rəis müavini, polis polkovnik leytenantı Hafiz Ədilov fevralın 25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamı bir daha ürək ağrısı ilə yada salaraq həmin tarixdən 26 il keçməsinə baxmayaraq, Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrətin getdikcə daha da artdığını söyləyib.
Sonra BSU-nun II kurs magistrantı Könül Əlizadə "Soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlər", II kurs magistrant Natiq Nəsirov "Xocalı bizim yaddaşımızdır", I kurs magistrant Röya Hüseynova "26 ildir həsrətini çəkdiyimiz Xocalının bu günü" adlı məruzə ilə çıxış ediblər.
Tədbir BSU-nun Magistratura Şurasının hazırladığı bədii hissə ilə davam edib. Bədii hissədə Xocalı faciəsinə dair video-çarx nümayiş olunub. Magistrantlar şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, bədii kompazisiya təqdim ediblər.