“Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur edilib”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, Azərbaycan 1.2 milyon nəfər qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb.
“Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilmiş bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb”, - deyə nazir bildirib.
E. Məmmədyarov əlavə edib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir: “Buna görə də, BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb”.
Nazir bildirib ki, demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycanın ən vacib prioritetləri arasındadır. Hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları üçün Azərbaycan vətəndaşları üçün zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.
“Təhsil bizim daxili siyasətimizdə ən prioritetdir, çünki yaxşı təsis edilmiş təhsilli cəmiyyət uğurlu və davamlı inkişafın zəmanətlərindən biridir. Hər il 5 milyondan çox insan – ölkə əhalisinin yarısı – dövlət büdcəsindən tam maliyyələşməklə tibbi yoxlanışdan keçir. Azərbaycan hələ 1918-ci ildə müsəlman dünyasında qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkə olub. Azərbaycan gender bərabərliyini təmin etməyə və ictimai və sosial həyatda qadınların rolunun artırılmasına çalışır. Misal üçün, mənim nazirliyimin heyət üzvlərinin 52 faizi qadındır. Rəqəmsal dövrdə yaşadığımızdan qeyd etmək lazımdır ki, hazırda Azərbaycan əhalisinin təqribən 80 faizini informasiya, media-kommunikasiya və ideya və fikirlərin azad axını üçün ən əlverişli və praktik vasitə olmuş internetə maneəsiz giriş imkanı var”.
E. Məmmədyarov deyib ki, cinayət hüququ sistemində də beynəlxalq insan hüquqları standartlarına tam uyğun olması məqsədilə islahatlar aparılıb. Bu sahədə ən son hadisələrdən biri cəza siyasətinin humanistləşdirilməsində və cəza sahəsində hüquqi islahatların aparılmasını hədəfləmiş Azərbaycan prezidentinin 2017-ci il tarixli sərəncamıdır.
“Azərbaycan dünyanın tanınmış multikultural mərkəzlərindən biridir. Bütün etnik və dini icmalar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayır. Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmlənməsini hədəfləmiş bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olaraq Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı möhkəmləndirmək olan “Bakı Prosesi”nə başladı.
Azərbaycan inkişaf hüququna böyük əhəmiyyət verir. Azərbaycan, xüsusən Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə beynəlxalq inkişaf təşəbbüslərində fəal iştirak edir.
Həmçinin, Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və 2016-cı ildə aralıq hesabat təqdim edib. Bizim üçüncü UDH 2018-ci ilin mayında nəzərdən keçiriləcək", - deyə o əlavə edib.