|
|
|
|
"Prezident seçkilərinə hazırlıq prosesi Konstitusiyaya, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq şəffaf, demokratik prinsiplər əsasında həyata keçirilir".
Bunu "525"ə açıqlamasında Milli Məclisin deputatı Vüsal Hüseynov deyib.
V.Hüseynov xatırladıb ki, Seçki Məcəlləsinin 75.2. maddəsinə əsasən seçkiqabağı təşviqat müddəti seçki gününə 23 gün qalmış başlayır: "Bütün namizədlərə seçkiqabağı fəaliyyət üçün bərabər şərait yaradılıb. Namizədlərin qeydə alınması prosesi və bu dövrdə seçkiqabağı fəaliyyətdə məhdudiyyətlərlə bağlı hallar baş verməyib".
Deputatın sözlərinə görə, seçkilərə hazırlıq prosesi ilə bağlı beynəlxalq ictimaiyyətin rəyini müsbət hesab etmək olar.
O bildirib ki, istər Rusiya, istərsə də Qərb mətbuatında yer alan məlumatlarda Azərbaycanda seçkiqabağı fəaliyyət üçün əlverişli mühitin yaradıldığı xüsusi vurğulanır.
Beynəlxalq təşkilatların seçki prosesini izləmək üçün artıq müşahidə missiyaları formalaşdırdığını deyən V.Hüseynov əlavə edib ki, mütəmadi olaraq kütləvi informasiya vasitələrində seçkilərlə bağlı maarifləndirici məlumatların verilməsi, vətəndaş cəmiyyəti istitutlarının da bu prosesdə aktiv iştirakı, ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər, görüşlər keçirməsi seçici fəallığının daha da yüksəlməsinə şərait yaradacaq.
Ceyhun ABASOV