|
|
|
|
"Ermənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya Azərbaycan torpaqlarının işğalında onlarlıq bir iş yoxdur, Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir. Bunun yalan olduğu hamıya bəllidir".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, separatçı Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha sübut olunub: "Deməli, Azərbaycan Müdafiə Nazirliyi genişmiqyaslı təlimlərə başlayıb. Bu təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir. Aydındır ki, bu təlimlərin məqsədi Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağdakı separatçılara göz dağı verməkdir. Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməlidir. Bəs, separatçıların lideri Bako Saakyan hardadır? O, ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirir. Bunun özü də ciddi müəmmadır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə seyrçi qalıb? Separatçıların liderini Dövlət Departamenti binasında qəbul etsələr, buna da təəccüblənmərəm. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eyni ilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentində gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq bütün xəbərdarlıqlar qulaqardına vurulub".
E.Şahinoğlu qeyd edib ki, Birləşmiş Ştatlara separatçı qruplaşmalara eyni gözlə baxmır: "Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbass separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır".
Mərkəz sədri hesab edir ki, Bako Saakyanın ABŞ-a səfərində iki məqsədi var: "Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Olmaz də, göz görə-görə Azərbaycan kimi ölkələri özünüzdən küsdürürsünüz, elə Türkiyəni də bu yolla özünüzdən uzaqlaşdırdınız".
E.Şahinoğlunun sözlərinə görə, Bako Saakyan ona görə İrəvandan idarə olunan fiqurdur ki, başqası Azərbaycanın hərbi təlimləri haqqında məlumatı aldıqdan sonra səfərini yarımçıq saxlayıb Xankəndiyə gələrdi: "Buna isə təlimat verilib ki, sən Vaşinqtonda işində ol, Dağlıq Qarabağın "təhlükəsizliyi" bizlikdir. Demək, biz elə etməliyik ki, hərbi təlimlərimizin həm sayı artsın, həm də havaya qalxan hərbi təyyarələrimiz Azərbaycanın hava məkanının tamamında, o cümlədən, Dağlıq Qarabağ səmasında uçuşlar həyata keçirsinlər".
"Yaxşı, ABŞ Konqresində ermənipərəst konqresmenlərin olduğunu bilirik, elə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Vaşinqtona səfərini onlar təşkil ediblər. Bəs axı az da olsa, həmin Konqresdə Azərbaycanla əlaqəli olan konqresmenlər də var, ara-sıra Bakıya gəlirlər, Azərbaycanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirlərə qatılırlar. Niyə onlardan biri Bako Saakyanın Konqresə gəlişinə etiraz etmir? Azərbaycanın ABŞ-dakı səfirinə də eyni sualı ünvanlaya bilərik: Bako Saakyanın Vaşinqtona səfərinə mane olmaq üçün nə etdiniz?", - deyə politoloq fikirlərini tamamlayıb.
Ceyhun ABASOV